Beynəlxalq Futbol Federasiyası (FIFA) kiberhücumun hədəfinə çevrilib.

Matc.az xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Rob Harris “X” sosial şəbəkəsində məlumat yayıb.

FIFA-dan bildirilib ki, təşkilat cinayət xarakterli kiberhücumla üzləşib. Nəticədə şəxsi və kommersiya xarakterli məlumatların məhdud bir hissəsinə icazəsiz giriş əldə olunub. Qurum hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

“Handsome Boy Hacking Club” adlı haker qrupu isə 12 GB-dan çox məlumatı ələ keçirdiyini və uğursuz şantaj cəhdindən sonra həmin məlumatları yayımladığını iddia edib. Bununla belə, FIFA oğurlandığı bildirilən məlumatların həcmini təsdiqləməyib.

Rob Harrisin məlumatına görə, hakerlər FİFA-nın reallaşmayan FIFA Forward Enterprise (FFE) layihəsi ilə bağlı sənədlərə giriş əldə edə bilməyiblər.

Qeyd edək ki, iyul ayında FIFA prezidenti Canni İnfantino turnirlərin kommersiya hüquqlarının idarə olunması üçün FFE adlı şirkətin yaradılmasını təklif etmişdi. Layihəyə əsasən, şirkətin səhmlərinin təxminən 20 faizinin investorlara 4,2 milyard dollara satılması nəzərdə tutulurdu. Lakin gələn tənqidlərdən sonra layihə dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest