"Düşünürəm ki, "Arsenal"ın cinahlarında fəallıq çatmadı. Bu xətlərə nəzarət etmək, driblinq və sürət hesabına təhlükəli həmlələr etmək mümkün olardı. Komanda oyun zamanı bunlardan yararlanmalı idi". Matc.az saytının məlumatına görə, bunu rusiyalı məşqçi Rinat Bilyaletdinov deyib.

"Rubin"in sabiq baş məşqçisi Rusiya mətbuatına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Arsenal"la "Neftçi" arasında keçirilən ilk oyuna münasibət bildirib.

Bilyaletdinov "Neftçi"nin 1:0 hesabı ilə qalibiyyətinin səbəbini belə izah edib: "Neftçi" nəticəyə üstünlük verən 5 müdafiəçi ilə oynayır. Ancaq bu dəfə 4 müdafiəçi ilə çıxış etdilər. Lazım gələndə mərkəzdə 3 oyunçu yer aldı və cinahları bağladılar. "Arsenal" hər dəfə topa sahib olduqda hücuma gec çıxdığından, onlar yerlərini almağa vaxt tapdılar. Fikrimcə, daha çox risk etməyə dəyərdi. Birinci hissədə Daniil Lesovoya çox iş düşdü. Ancaq ikinci hissədə hücumlar digər istiqamətə yönəldi, o, mübarizədən qopdu və oyun bir qədər cansıxıcı alındı. Buna baxmayaraq, Lesovoyun oyun tərzi xoşuma gəldi".

"OIK Xabarovsk"un baş məşqçisi qismində ötən il "Neftçi" ilə yoxlama görüşündə üz-üzə gəlmiş mütəxəssis paytaxt klubunu keçilməz saymır: "Neftçi" "Arsenal"ın solaxaylarını yaxşı təhlil etmişdi. Onlar Qriqalava, Tkaçyov və Qorbatenkonu bağlamışdılar. "Neftçi" meydanın mərkəzində məni təəccübləndirəcək şəkildə intizamlı idi, ancaq qapıçıları da layiqli oynadı. Topu yumruqla uzaqlaşdırdığı anlarda düzgün yerə atırdı və orda "Arsenal"dan heç kim olmurdu. "Neftçi" keçilə biləcək komandadı. Onların güclü hücumları yoxdu, bəzən oyunu yavaşladırdılar. "Arsenal"ı ciddi narahat edəcək şəkildə bir neçə dəfə hücuma çıxsalar da, 1 qolla kifayətləndilər. Qol epizodunda isə blok qoymaq və cinahdakı oyunçunu qaçırmamaq lazım idi. Hər şey kitabda var, ancaq futbolda öncədən xəbər verilmir".

Rinat Bilyaletdinov zambiyalı hücumçu Evans Kanqvanın zədə səbəbindən oyunu buraxmasının ciddi fəsadlar yaratdığını deyib. Lakin o, Bakıdakı cavab matçına ümidlə baxır: "Kanqvanın olmaması fərdi hərəkətlərlə dərindən irəliləyən, müdafiə xəttini gərginlikdə saxlayan, boş mövqelərin yaranmasına şərait yaradan futbolçunun yoxluğuna səbəb oldu. Cavab görüşündə "Neftçi" geridə qala bilər. Bilirlər ki, buraxılacaq bir qol onlara əlavə əziyyət verəcək. Tuladakı kimi də oynaya bilərlər: mərkəzi və cinahları bağlayacaqlar. Bəlkə də, "Arsenal" belə oyun gözləmirdi. Lakin vurulacaq bir qol matçın axarını dəyişəcək. Nikbin olmaq lazımdı".

Qeyd edək ki, cavab qarşılaşması avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest