çempionlar Liqası və Avropa Liqasının II təsnifat mərhələsində keçirilən cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Matc.az saytının məlumatına görə, 421 komanda son 5 ildəki nəticələrinə əsasən sıralanıb.
çempionlar Liqasında mərhələ adlayan "Qarabağ" ən yaxşı göstəriciyə malik Azərbaycan klubudu. Ağdam təmsilçisi 19,500 xalla 69-cu pillədəki yerini qoruyub.
"Qəbələ" Avropa Liqasındakı uğursuzluğa baxmayaraq, 139-cu pillədəki yerini itirməyib. "Qırmızı-qaralar"ın aktivində 7,500 xal var və onlar Xorvatiya "Hayduk"u ilə bu yeri bölüşür.
Avropa Liqasında "Arsenal" üzərində qələbə "Neftçi"nin 266-cı pilləyə yüksəlməsinə səbəb olub. Aktivində 3,750 xal olan "ağ-qaralar" 6 komanda ilə 266-cı yeri bölüşür.
Siyahıdakı digər klublarımız "Səbail", "Keşlə", "Zirə" və "Kəpəz" isə 3,425 xalla 282-285-ci yerləri bölüşürlər. Bu komandaların hamısı reytinqdə geriləyib.
Siyahıya "Real" başçılıq edir. Madrid klubunun aktivində 121 xal var. İlk "üçlük"dəki digər klublar da İspaniya təmsilçiləridi. Belə ki, "Atletiko" ikinci (109 xal), "Barselona" isə üçüncü (108 xal) yeri tutur.