"Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. çünki "Bney Yehuda" çox yaxşı müdafiə olunur". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Paytaxt klubu Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah İsrail təmsilçisi "Bney Yehuda"nı qəbul edəcək.
Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis oyuna hazır olduqlarını bildirib: "Rəqib İsrail Superkuboku matçında 9-10 nəfərlə müdafiə olundu. Oyunboyu çalışırlar topa daha çox nəzarət etsinlər. Fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Rəqib əks-hücumlardan yaxşı yararlanır. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdı. Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik".
 
- Mərhələ keçdikcə gözləntilər daha çox artır. Bu amil komandada gərginlik yaratmır?
- Əlbəttə ki, oyundan-oyuna özümüzün də gözləntilərimiz artır. Bununla kifayətlənmək istəmirik. Yaxşı futbol göstərmək üçün əlimizdən gələni edəcəyik. Nəticəni birlikdə görəcəyik.
 
- İsrail komandası hər səhvdən yararlanmağı bacarır. "Arsenal"a qarşı Bakıda keçirdiyiniz oyun üslubuna üstünlük verəcəksiniz?
- Sabahkı oyunun taktikası komanda daxilində qalır. Bunu açıqlamağı düzgün hesab etmirəm. Bir daha qeyd edirəm ki, "Bney Yehuda" bütün komanda ilə müdafiə olunur və rəqibin səhvini gözləyir. Bizə qarşı necə çıxış edəcəklərini bilmirəm. Amma həm müdafiə, həm də hücum baxımından yaxşı təşkilatlanıblar.

- "Bney Yehuda"nın "Arsenal" və "Sperantsa" ilə müqayisədə güclü və zəif cəhətləri hansılardı?
- Hər komandanın fərqli oyun üslubu var. Biz gözəl oyunu və uğurlu nəticəni davam etdirmək istəyirik.


- "Bney Yehuda" sizə daha çox hansı mövqelərdə problem yarada bilər?
- Rəqibi analiz etmişik, necə oynadıqlarını izləmişik. Texnikalı oyunçuları var, əks-hücumdan yaxşı yararlanırlar. Amma bizə qarşı necə oynayacaqlarını bilmirəm.

- Futbolçularınızda eyforiya, yoxsa daha çox özünəinamlılıq hiss edirsiniz?
- Eyforiya "Arsenal" üzərində qələbə qazandığımız gündə qaldı. Ertəsi gündən hamı bu matça kökləndi. Eyforiya yarandığını deməzdim.

- ötən mərhələlərdən fərqli, bu dəfə ilk oyunu evdə keçirəcəksiniz. Bu, sizin üçün mənfi, yoxsa müsbət haldı?
- Hər bir oyuna fərqli şəkildə yanaşırıq. Sabah evdə oynayacağıq. Ciddi hazırlaşmışıq. Futbolçular bizi nəyin gözlədiyini bilirlər. Düşünmürəm ki, bizə əks təsir edə bilər.


- "Sumqayıt"ın futbolçusu Əmir Ağayev bildirib ki, "Bney Yehuda"nın "Neftçi"ni keçmək şansı sıfırdı. Ancaq siz ehtiyatlı danışırsınız...
- Əmir Ağayevin niyə belə açıqlama verməsi mənə qəribə gəlib. Sabah hakim fitindən sonra hər iki komanda üçün çox şey dəyişə bilər. Buna görə də onun fikri ilə razı deyiləm. Düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdi, yanlışıq olardı.

- ömər Buludov, Emin Mahmudov və Baqali Dabonun hazırkı durumu necədi?
- Eminin zədəsi "Arsenal"la ilk oyundan yaranıb. Artıq komanda ilə məşq edir, həmçinin ömər də. Dabo isə son iki gündü kollektivlə məşq edir. Amma hələ tam hazır deyil. Sevinirəm ki, komandaya qoşulub. çox güman ki, sabah ehtiyatda olacaq.

- Rauf Əliyev ön xətdə mübarizə aparır və son matçda qol da vurub. Dabo qayıtdıqdan sonra kimə üstünlük verəcəksiniz?
- Rauf çox vuruşur, əzmkarlıq göstərir. Son oyunda da vacib qol vurdu. Bir məşqçi üçün ən xoş məqam bütün heyətin əlinin altında olması olar. Növbəti oyunlarda bütün futbolçuların məşqlərinə baxıb, ən yaxşı "11-liy"i quracam.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest