07 Avqust 2019, 20:49
AVROPA LİQASI
"Neftçi" çox güclü komandadı". Matc.az saytının məlumatına görə, bunu "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis deyib. İsrail təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah "Neftçi"nin qonağı olacaq.
Oyunöncəsi mətbuat konfransında 49 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Neftçi" "Arsenal"ı 3:0 hesabı ilə məğlub etməklə bunu göstərdi. Ancaq bizim bura gəlməkdə məqsədimiz qələbə qazanmaqdı".
- Bakıda qələbə qazanmaq nə dərəcədə realdı?
- "Neftçi" güclüdü. Ancaq hər bir klubun məqsədi qalib gəlməkdi. Biz də bura qələbə qazanmağa gəlmişik.
- "Neftçi"nin böyükhesablı qələbələr qazanması sizi qorxudurmu?
- Bir daha vurğulayıram, "Neftçi"nin güclü futbolçuları var. Bu, təbii ki, bizi narahat edir.
- Keçmiş futbolçunuz, hazırda "Sumqayıt"da çıxış edən Əmir Ağayev bildirib ki, "Bney Yehuda"nın "Neftçi"ni keçmək şansı sıfıra bərabərdi. Buna münasibətiniz necədi?
- Bu, futboldu, istənilən nəticə qeydə alına bilər. Bizim də istəyimiz qələbə qazanmaqdı. Əmirin fikirləri ilə razı deyiləm. Onun sözləri mənim üçün maraqlı deyil. Bizim üçün önəmli olan hər iki görüşdə sərfəli nəticə qazanmaqdı.
- Yəqin ki, "Neftçi"nin "Sperantsa" və "Arsenal"la oyunlarını izləmisiniz. Rəqibi necə üstələyə bilərsiniz?
- "Neftçi"nin zəif və güclü cəhətlərini bilirik. Sabah bundan yararlanmağa çalışacağıq.
- "Neftçi"nin baş məşqçisi Roberto Bordin dedi ki, rəqib 8-9 futbolçu ilə müdafiə olunur. Sabah hansı sistemə üstünlük verəcəksiniz?
- Bu barədə danışmaq istəmirəm. Müdafiədə, yoxsa hücumda oynayacağımızı sabah görəcəksiniz.
- üç futbolçunu bura gətirməmisiniz. Bunu sizin üçün ciddi itki saymaq olar?
- Əlbəttə. Hər üç oyunçunun yoxluğu bizim üçün itkidi. Ancaq yenə də çalışacağıq ki, öz oyunumuzu göstərək.
- çox inamlı danışırsınız. "Neftçi"ni keçə bilməsəniz, bu, sizin üçün rüsvayçılıq sayılacaq?
- "Neftçi" çox güclü olsa da, özümüzü uğursuzluğa kökləyə bilmərik. Yalnız uğurlu nəticəyə köklənmişik. Məğlubiyyət haqda düşünmürük. Sabah hələ ilk oyun olacaq. Əminəm ki, qalib ikinci matçdan sonra bilinəcək. Yalnız müsbət məqamlar düşünürük.
- Burdan hansı hesabla qayıtmaq sizin üçün qənaətbəxş olacaq?
- Nəzərə almaq lazımdı ki, "Neftçi" öz meydanında çox yaxşı oynayır. "Arsenal"la burdakı oyunu izləmişəm. Futbolda bütün komandalar qələbə üçün oynayır. Sabah hansı nəticənin bizi qane edəcəyini deyə bilmərəm. Biz qol vurmağa və yaxşı nəticəyə köklənmişik.
- İlk 4 oyunda qol buraxmayan "Neftçi"nin qapısına yol tapmağın yollarını tapmısınız?
- Futbolda hər şey ola bilər. Komanda 4 matçda qol buraxmaya, bir görüşdə bir neçəsini buraxa bilər. Sabah bu seriyanı qırmağa çalışacağıq.
- "Neftçi"nin heyətində kimi lider qismində görürsünüz və ona qarşı nəsə hazırlamısınızmı?
- Heç kimi fərqləndirməzdim. Amma bəziləri "Neftçi"nin oyununu diktə edir. Bunlar, xüsusən də, ön xətdə çıxış edənlərdi. "Neftçi" ümumilikdə çox keyfiyyətli komandadı. Hər bir oyunçusunun fərdi özəllikləri yüksək səviyyədədi. Emin Mahmudov ötən görüşdə zədələnmişdi. Sabah oynayıb-oynamayacağını bilmirəm. Amma əminəm ki, ona da əvəzləyici tapacaqlar.