"Birinci hissədə oynamağa gec başladıq. Çoxlu top itkilərinə yol verirdik. Onlar da bunu gözləyirdi. Əks-hücumlar üçün şansları yaranırdı. Oyuna gec qoşulmağımızın səbəbini bilmirəm, bəlkə də, gec konsentrasiya olduq"

"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İsrailin "Bney Yehuda" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra jurnalistlərə müsahibəsində öncə bunları söyləyib:
 
- Birinci hissədə oynamağa gec başladıq. çoxlu top itkilərinə yol verirdik. Onlar da bunu gözləyirdi. Əks-hücumlar üçün şansları yaranırdı. Oyuna gec qoşulmağımızın səbəbini bilmirəm, bəlkə də, gec konsentrasiya olduq.
 
- Ardıcıl dörd oyunda qalib gəlmək sizi arxayınlaşdırmışdı?
- İnanmıram ki, arxayınlıq olsun. Başa düşürdük ki, bu, III təsnifat mərhələsidi. Bizi 13 min azarkeş dəstəkləməyə gəlmişdi. Bütün oyun ərzində bizi irəli aparırdılar. Buna görə də bizdə arxayınlıq olmalı deyildi. çalışarıq ki, cavab matçında daha yaxşı oynayaq və nəticə ilə dönək.
 
- Əvvəlki dörd oyunda qol buraxmasanız da, bu gün torunuz iki dəfə silkələndi. Bunun səbəbi nə idi?
- Konsentrasiyanı itirmişdik. Əks-hücumlardan qollar buraxdıq. Onlar bu sistemdə oynayırdılar. Bizim üçün onların oyunu çox problem idi.
 
- Nəticəni ədalətli hesab edirsiniz?
- Ədalətlidi. Nəticə həmişə ədalətli olur.
 
- Şansları bərabər hesab edirsiniz?
- İkinci oyunda qalib gəlməliyik.
 
- Buna gücünüz yetəcək?
- Gücümüz çatmayacaqsa, oyuna çıxmayaq da. Əsas hədəf qələbədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest