10 Avqust 2019, 13:24
FUTBOL
Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Hollandiyanın "Herenven" klubunun yarımmüdafiəçisi Ben Rienstra ilə Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Pedro Enrikeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rienstra Kayseri təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 29 yaşlı hollandiyalı yarımmüdafiəçinin 2010-cu ildən başlayan peşəkar karyerası öz ölkəsi ilə bağlıdı. O, "Herakles Almelo", "Zvolle", AZ, "Villem II" klublarında da forma geyinib. Son mövsümdə isə o, "Herenven"də 36 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Vaxtilə Azərbaycan çempionu "Qarabağ"ın uğurları üçün çalışmış Pedro Enrike isə yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Kayseri təmsilçisi bu transfer üçün PAOK-a 650 min avro ödəyib.
Pedro ötən mövsümü PAOK və "Astana"da keçirib, 20 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Enrike 2017/18 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb. O, Ağdam klubunun çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub ("Roma" ilə matçda – 1:2).