Azərbaycan Premyer Liqasında doqquz tur arxada qalıb, mübarizə getdikcə qızışır. Kimisi çempionluq uğrunda mübarizə aparır, kimisi avrokuboklara vəsiqə qazanmağı hədəfləyir, kimisi isə elitadakı yerini qorumağa çalışır. Belə bir yarışda hər xalın öz qiyməti var. Bəzən səfərdə qazanılan bir xal uğur sayılır, bəzən isə meydanda yaranan fürsətləri dəyərləndirə bilməmək iki xalın itirilməsi deməkdi.
“Neftçi” - “Turan Tovuz” qarşılaşması da məhz bu baxımdan diqqət çəkdi. Bakı təmsilçisi oyunun erkən dəqiqələrində azlıqda qalsa da, rəqibi bu üstünlükdən maksimum yararlana bilmədi. Tovuz klubu üç xal üçün fürsət qazansa da, tərəflər meydanı heç-heçə ilə tərk etdilər.
Bəs bu nəticə kimin üçün daha sərfəli oldu?
“Neftçi” çempionluğa nə dərəcədə iddialıdı, “Turan Tovuz”un əsas hədəfi avrokuboklardırmı? Geridə qalan 9 turda çempionatın sürpriz komandası hansıdı?
Tanınmış məşqçi Arif Əsədov matc.az saytının əməkdaşı ilə söhbətində bu suallara aydınlıq gətirib.
O, hər iki komandanın inkişaf etdiyini və iddialı olduğunu bildirib. Əsədovun sözlərinə görə, “Neftçi” azlıqda qaldıqdan sonra “Turan Tovuz” daha cəsarətli oynaya bilərdi.
“Hər iki klub inkişaf edir, iddialıdı. Çempionluq yaşayıblar və bu il də çempionluğa oynayırlar. Bu, “Turan Tovuz” üçün səfər oyunu idi. Qarşılaşmadan əvvəl bir xal qazanmaq onlar üçün müsbət nəticə sayıla bilərdi. Ancaq oyunun gedişatı elə gətirdi ki, “Neftçi” 20-25-ci dəqiqələrdən azlıqda qaldı. Belə vəziyyətdə “Turan Tovuz” üç xal qazana bilərdi. Son dövrlərdə “Neftçi”nin oyununda yaxşı mənada irəliləyiş var. Komandada ruh yüksəkliyi hiss olunur. Onlar yenə də xal qazanmaq üçün mübarizə aparırdılar”.
“Neftçi” çempionluğa, “Turan Tovuz” avrokuboklara oynayır”
Mütəxəssis qarşılaşmanın taktiki tərəflərinə də toxunub. Onun fikrincə, “Turan Tovuz” meydanda komandaların sayı bərabər olduğu vaxt daha yaxşı təsir bağışlayıb:
“Məncə, “Turan Tovuz” 11-ə 11 oynayanda daha yaxşı çıxış edirdi, nəinki “Neftçi” azlıqda qalanda. “Turan Tovuz” ikinci nömrə kimi oynayaraq epizodlara girdi. Rəqib azlıqda qaldıqdan sonra isə daha çox intizama üstünlük verdi.
Ümumi götürsək, hər iki komanda bir xal qazandı və yollarına davam edir. Məncə, “Neftçi” daha çox çempionluğa oynayır. “Turan Tovuz”un strateji məqsədi isə daha çox avrokuboklara vəsiqə qazanmaqdır”.
Premyer Liqanın geridə qalan 9 turunda diqqət çəkən məqamlardan biri də “Kəpəz”in çıxışıdı. Gəncə təmsilçisinin oyununda müsbət dəyişikliklər müşahidə olunur. Əsədov bunu bir neçə amillə əlaqələndirib.
“Kəpəz”in oyununda yaxşıya doğru irəliləyiş var. Təbii ki, yeni stadionun, azarkeşlərin axınının və yeni rəhbərliyin də buna təsiri olur. Amma hələlik çempionatın sürpriz komandası yoxdu. Ayrı-ayrı kollektivlərin qeyri-sabit çıxışları var. Alışdığımız komandalar çempionluq uğrunda mübarizə aparırlar. Premyer Liqada qalmaq və daha yaxşı mövqe tutmaq üçün mübarizə aparan komandalar da var. Düşünürəm ki, 9 turdan sonra artıq müəyyən mənzərə formalaşır. Komandaların potensialı və hədəfləri barədə fikir söyləmək mümkündür. Ancaq çempionat davam edir və qarşıdakı turlar vəziyyəti dəyişə bilər” – deyə, Əsədov əlavə edib.
Mahir AXUND













