Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən "Zirə" - "Neftçi" oyununu (1:0) izləyənlər arasında milli komandamızın baş məşqçisi Nikola Yurçeviç də olub. Xorvatiyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Matc.az saytı əməkdaşının da iştirak etdiyi brifinqdə Yurçeviç ilk olaraq görüş barədə təəssüratlarını bölüşüb: "Maraqlı oyun alındı. İlk dəqiqələrdə "Neftçi"nin qol imkanları olsa da, vura bilmədilər. "Zirə"nin də yaxşı komanda olduğunu vurğulamalıyam, kompakt futbol oynayırdılar" .
Millimizin çalışdırıcısı sabah açıqlayacağı yığmanın heyətində "Zirə" və "Neftçi" futbolçularının yer alacağını istisna etməyib: Bu gün meydanda olanlardan kiminsə dəvət alıb-almayacağını indidən deyə bilmərəm, ola bilər. Heyət barədə sabah köməkçimlə danışacağıq. Müzakirə edəcəyimiz oyunçular var. Ancaq demək olar ki, siyahı hazırdı".
Baş məşqçi yığmamızın hücumçusu Renat Dadaşovun "Vulverhempton"a keçidinə sevindiyini vurğulayıb: "Təlim-məşq toplanışında Renatın öz üzərində necə işlədiyini görmüşəm. İnanıram ki, ümidləri doğruldacaq. Onun İngiltərədə oynaması fantastik olardı".
Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində qarşıdakı rəqiblər barədə də fikir bildirib: "Əvvəlcə Uelslə görüşü fikirləşirik. Oyunçularına baxmışam, çox güclüdülər. Bu komandaya qarşı olacaq oyunu Xorvatiya ilə matçda da görəcəksiniz".