27 Oktyabr 2026, 17:36
DİGƏR
“Bu gün biz federasiya olaraq 8-ci dəfədir ki, ölkə çempionatını təşkil edirik. Əlbəttə ki, minifutbolun inkişafı üçün məhz yerli liqanın güclü olması çox vacibdir. Ona görə federasiya olaraq istəyirik ki, liqada güclü, stabil komandalar çıxış etsin. İlbəil də bunu görürük". Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov ölkə çempionatının püşkatması zamanı deyib.
O bildirib ki, məqsəd liqanın yüksək səviyyədə təşkilidir: "Hədəfimiz yeni mövsümdə də minifutbolun ölkəmizdə inkişaf etdirilməsi, çempionatın səviyyəsinin daha da yüksək olması, ən vacibi isə milli üçün istedadlı oyunçuların üzə çıxarılmasıdır. Millimiz çox güclüdür. Bu il Avropa çempionatında qalib olduq. Burada da yerli çempionatın güclü keçirilməsi faktoru rol oynayır. Çünki güclü liqa olmasa, milli komanda da belə yüksək səviyyədə, stabil olaraq çıxış edə bilməz".
O Məmmədov vurğulayıb ki, stabil qalmaq üçün yerli liqanın güclü keçirilməsi vacibdir: "Komanda rəhbərlərindən xahişim odur ki, futbolçulara, kollektivə, məşqçilərə daha da peşəkar yanaşsınlar. Biz də federasiya olaraq komandalara dəstək göstəririk, yeni komandaların yaradılmasına təşviq edirik. Komandaların gələcəkdə inkişaf etdirilməsi üçün bu işləri həmişə diqqətdə saxlayırıq. Bir neçə il ardıcıl “Birbaşa Bakı” çempion oldu, son mövsümdə “Zİrə” hegemonluğa son qoydu. “Aznur” da rəqabətdən geri qalmır. İstəyərdik ki, daha çox komanda rəqabətə girsin və bu, davamlı olsun. Bunun üçün minifutbolun kifayət qədər təşviqi olmalıdır".
Federasiya rəhbəri cari mövsümdən də söz açıb: "Builki çempionatımızda 12 komanda iştirak edəcək. Çalışdıq ki, stabil olan, inkişaf edən, peşəkar səviyyədə çıxış edən komandalara üstünlük verək. Stabillik bizim üçün çox vacibdir. Bəzən görürsən ki, komanda iştirak edir, mövsümün ortasında müəyyən problemlər ortaya çıxır. Bu da futbolçulara pis təsir göstərir. Bizim də əsas məqsədimiz müəyyən şəxslərlə görüşəndə, məhz bu işə peşəkar yanaşmanın lazım olmasını göstərir. Bu yolda əməyi olan bütün dostlarımıza, təşkilatçılara, sponsorlarımıza təşəkkür etmək istəyirəm".
Orxan Məmmədov mediadan da çempionatımızın daim işıqlandırılmasını rica edib: "Şərait var ki, bu idman növü daha da inkişaf etsin. Gələn il minifutbol üzrə dünya çempionatı keçiriləcək. Ona görə yanaşmamız daha da ciddiləşməlidir Əminəm ki, bu çempionatda yeni istedadlar önə çıxacaq və milliyə öz töhfəsini verəcək.













