AFFA İntizam Komitəsinin (İK) bugünkü iclasında I divizionun ilk turunda qeydə alınan neqativ hallar müzakirə olunub. Matc.az saytının məlumatına görə, bəzi klublar yenə peşəkarlığa yaraşmayan nöqsanlara görə cərimələnib.
"Zaqatala" – "Sabah-2" oyunu öncəsi qonaqların nümayəndəsi iclasda iştirak etməyibsə, "Səbail-2" – "Turan Tovuz" görüşündə xərək daşıyan uşaqlar yaşların əsasnaməsinə uyğun olmayıb. Bu üzdən "Sabah-2" və "Səbail-2" 80 manat məbləğində cərimə olunub.
"Zirə-2" – "Ağsu" qarşılaşması öncəsi iclasda Təcili tibbi yardımın nümayəndəsinin olmaması meydan sahiblərinə 40 manatlıq cərimə bahasına başa gəlib.
"Kəpəz" - MOİK və "Qaradağ Lökbatan" – "Sumqayıt-2" görüşündə ev sahibi olan komandalar "A" buraxılışından istifadə etmədiyindən, 80 manat cərimələnib. Bundan başqa, "Qaradağ Lökbatan" matçın protokolunu vaxtında tərtib etmədiyindən, daha 80 manatlıq cəriməyə məruz qalıb.