"Qarabağ"dan yazmaq indi dəbdədi bir az… Qələbənin çoxlu "atası" peyda olub. Yetim məğlubiyyətlərdə komandaya hədə qorxu gələnlər indi bir-birinin ardınca qrup ehtimallarını sıralamağa girişiblər. "Qarabağ" filankəsi udmalıdı, filankəslə heç-heçə oynamalıdı, filankəsdən qisas almalıdı, filan qədər xal toplamalıdı. Mən bu sıraya qoşulmaq istəmirdim. Amma…
…Sizin bu günkü qədər aqressiv olmanızın əsas səbəbkarı Qurban Qurbanovun SƏDAQƏTİDİR. Onun bu SƏDAQƏTİ olmasaydı, Siz nə bu qədər qrupda olacaqdız, nə bu qədər qələbə ləzzəti görəcəkdiz, nə də indi başınızı yorğanınıza soxub, ordan "Qarabağ" filankəsdən qisas almalıdı" deyəcəkdiz. İndi dağılmış Azərbaycan klublarınızla, küncdə-bucaqda gizlənmiş həvəskar futbolunuzla köks ötürə-ötürə ingilisin, fransızın, ispanın, almanın çempionatlarını izləyəcəkdiz. Yaxşı ki, Qurban Qurbanovun SƏDAQƏTİ var. Bəzən ziyanına işləsə də, onun bu sadiqliyi son 100 illikdə Azərbaycan gerçəkliyində nadir hadisədi…
Bilirsiz, "Qarabağ" çempionlar Liqasında niyə oynamır? çünki o Sizə, ətrafına, prinsiplərinə sadiq qaldı. Heç zaman, heç yerdə görmədiyiniz bu SƏDAQƏT hər oğulda olmur, mənim "ağzıgöyçək" qardaş və bacılarım! Qurban Qurbanov okeanın o tayından Azərbaycana gətirdiyi, çörək verdiyi, məşhurlaşdırdığı, ona və "Qarabağ"a xəyanət eləmiş haitiliyə də sadiq qaldı. Onun yerinə son ana qədər heç kim gəlmədi. Geryenin cığallıqlarına baxmayaraq, peşəkarlığını ikinci plana saxladı. İnsanın bu qədər qeyri-ciddi olacağına inanmadı. Hamıya öz könlündən boylandı. Mən yüz faiz əminəm Gerye olsaydı, "Qarabağ" o cinahda elə kobud səhvə yol verməyəcəkdi, APOEL-i udacaqdı və… "Ayaks"ı da keçəcəkdi.
Amma mən də Qurban Qurbanov kimi SƏDAQƏTİ seçərdim. Min məğlubiyyət bir sadiqliyin yanında bir heçdi…Böyük sadiqlik göstərmiş, bizlərə örnək olmuş böyük məşqçimizə Qurban Qurbanov olduğu üçün minnətdaram. Biz qrupdan çıxacayıq, ya yox? Məncə, bu vacib deyil, əsas insandı, onun prinsipləri və sadiqliyidi…
Sədi MƏMMƏDOV