"Hücumçunun işi çətindi. Bəzən qol epizodları yaradırsan, bəzən qol vurursan, bəzən isə heç nə alınmır. Yaxşı anlayıram ki, hamı məndən qol gözləyir".
"Keşlə"nin futbolçusu Conatan Ayite Topaz Premyer Liqasının X turunun "Neftçi" ilə oyunundan (0:1) sonra jurnalistlərə müsahibə verib. Matç.az saytı xəbər verir ki, 33 yaşlı toqolu hücumçu qarşılaşma və Premyer Liqadakı mübarizə barədə də danışıb.
- Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Bu gün bizim üçün fiziki baxımdan çətin idi. çünki cəmi 3 gün əvvəl "Qarabağ"la qarşılaşmışdıq. Rəqib erkən qol vursa da, bizim də şanslarımız oldu. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik.
- "Qarabağ"la 1:1 hesablı heç-heçə etdiyiniz görüşlə müqayisədə fəal görünməməyinizin səbəbi nədədir?
- Hücumçunun işi çətindi. Bəzən qol epizodları yaradırsan, bəzən qol vurursan, bəzən isə heç nə alınmır. Yaxşı anlayıram ki, hamı məndən qol gözləyir. ümidləri doğrultmağa çalışıram.
- "Qarabağ" və "Neftçi"yə qarşı oynadınız. Bu komandalardan hansını çempionluq mübarizəsində favorit kimi görürsünüz?
- Müqayisə aparmaq çətindir. Fikrimcə, "Qarabağ"ın müəyyən oyun üslubu var. Lakin "Neftçi"də güclü komandadır, fərdi keyfiyyətləri, ustalıq səviyyələri baxımından üstün oyunçulara malikdir.
- İndiyədək güclü komandalarda çıxış etmisiniz. "Keşlə"yə keçidinizi geriyə addım, yoxsa tramplin sayırsınız?
- Bura istirahətə yox, oynamaq üçün gəlmişəm. Düzdür, güclü komandalarda oynamışam. Elə "Keşlə" də müəyyən hədəfləri olan klubdur. Klubun rəhbəri Zaur Axundov mənə güvənir və inanır. Mən də bu inamı doğrultmaq istəyirəm. Digər tərəfdən, "Keşlə" niyə də tramplin olmasın?!
- Qardaşınız Floyd Eite İngiltərə Premyer Liqasında "Fulhem"də çıxış edir. Onu sizdən daha şanslı sayırsınız?
- Təbii ki, qardaşım məndən daha xoşbəxt, daha istedadlı və daha şanslıdır. çünki o, İngiltərə çempionatında oynayır. Amma biz müsəlmanıq. Birimizin orada, birimizin burada oynaması Allahın işidir.
- Qardaşınızın burada oynamağınızdan xəbəri var?
- Qardaşımın burada oynamağımdan xəbəri var. Amma bir şeyi də qeyd edim ki, bu, mənim üçün yeni çağırışdır. Azərbaycan yaxşı ölkədir. Mən bunu normal qarşılayıram. Bu, həyatdır. Burada olduğum üçün Allahıma şükür edirəm.