"Gərgin oyun keçdi. İkinci matçdı ki, azlıqda mübarizə aparırıq". Matç.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
Topaz Premyer Liqasının X turunda "Zirə"nin qonağı olan bakılılar 0:0 hesablı bərabərliyə imza atıb.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Hacıyev azlıqda qaldıqları üçün xal qazanmalarını müsbət dəyərləndirib: "Etiraf edim ki, "Zirə" bizdən üstün oynadı. Ağabala və Koçukun olmaması özünü göstərdi. Bir qədər ehtiyatlı oynamaq istədik. Uşaqlardan razıyam. Ədalətli nəticə oldu".
- Ağabala Ramazanovun zədəsi ciddidi?
- Elə də ciddi deyil. Sadəcə, risk etmək istəmədik. İnanıram ki, tezliklə komandaya qoşulacaq.
- Ruslan Qurbanov da zədələndi...
- İqor Korotetskinin zədəsi daha ciddidi. Qurbanovda isə ciddi deyil.
- Ardıcıl 2-ci oyundu ki, qırmızı vərəqə alırsınız...
- Deməzdim ki, bu, intizamsızlıqdan xəbər verir. Sadəcə, bir qədər ehtiyatlı davranmaq lazım idi. Keçən oyunda ilk sarı vərəqə yox idi. Şəhriyar isə diqqətli davranmalı idi.
- Komandanız 10 turda 6 qol vurub və 3-cü pillədə qərarlaşıb. Sizcə, bu, az deyil?
- Hər görüşdə kifayət qədər qol epizodlarımız olur. Bəzən əks-hücumlarda, bəzən mövqe hücumlarında. Elə rəqiblər olur ki, birinci nömrə ilə oynamırıq.
- Belə oyunla "Səbail" 3-cü pillədə qala biləcəkmi?
- Qarşımıza avrokuboklara vəsiqə vəzifəsi qoymamışıq. Düzdü, çox çətin olacaq. Demirik ki, tutduğumuz mövqeni qoruya biləcəyik. Ancaq bunun üçün çalışacağıq.
- Deməli, 1 xaldan razısınız?
- Bəli, bu gün 1 xalı qazandıq.