"Zirə"nin müdafiəçisi Miloş Radivoyeviç Topaz Premyer Liqasının X turunda "Səbail"lə (0:0) qarşılaşmadan sonra brifinq keçirib. Matç.az saytı xəbər verir ki, serbiyalı futbolçu müsahibəsində 2 xal itirdiklərini bildirib.

- Yenə qalib gələ bilmədiniz. Səbəbini necə izah edərdiniz?

- Birinci hissədə çox yaxşı oyun göstərdik. Təəssüf ki, 2-3 qol vəziyyətindən istifadə edə bilmədik. İkinci hissə ilə bağlı da eyni fikri söyləmək olar. Xüsusən də, qırmızı vərəqədən sonra rəqibi öz qapısına oturmağa məcbur elədik. Amma müdafiəni yarmaq çətin oldu. Nəticə də göz önündədi.

- Rəqib azlıqda qaldığı halda belə qalib gələ bilmədiniz. Sizə nə mane oldu?

- Bayaq da qeyd etdiyim kimi, qırmızı vərəqədən sonra rəqib bütün futbolçularla müdafiəyə çəkildi. Bu da bizə çətinliklər yaratdı. Artıq boş zonalar tapmaqda, müdafiənin kilidini açmaqda çətinlik çəkdik. Pərdis Fərcad-Azadın bir real qol vəziyyəti olsa da, top dirəyə tuş gəldi. Başqa 2-3 qol imkanında isə qapıçı komandasını xilas etdi.

- Uzaq məsafədən zərbələrə üstünlük verirdiz. Sanki oyunun qəhrəmanı olmaq istəyirdiniz...

- Uzaq məsafədən zərbələri xoşlayıram. Həmin epizodda da düşündüm ki, ot örtüyü təbiidi, top bəlkə sürüşər qapıdan keçər. Amma zərbə alınmadı. Bu, oyunun qəhrəmanı olmaq istəyi ilə deyil, komandaya kömək etmək istəyi ilə bağlı idi.

- Qol vura bilməsəniz də, rəqibdən bir nəfəri zərərsizləşdirdiniz. Bunun acığını çıxırdınız?

- Xeyr. Sadəcə, zərbə vurmaq istəyirdim, top futbolçunu tapdı. Əsas odu ki, son oyunlarımızdan məmnunuq. Xüsusilə topa daha çox yiyələnirik. Topla oynayan komanda oyundan zövq alır. Düşünürəm ki, hər şey daha yaxşı olacaq.

- Növbəti turdakı rəqibiniz lider "Neftçi" olacaq. Qələbəyə inamınız varmı?

- Bu cür oynamaqda davam etsək, qələbələr gələcək. Heç nədən çəkinmirik. Hansı rəqibə qarşı oynamağımızın fərqi yoxdu. "Neftçi" ilə ilk matçda rəqib xüsusi nəsə etməmişdi. Sadəcə, 2 zərbəyə 2 qol vurmuşdular. Düşünürəm ki, bu cür oynamaqda davam etsək, nəticələr yaxşı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest