Almaniya Bundesliqasının təqvimində ciddi dəyişiklik edilib. Matç.az saytı xəbər verir ki, ölkə çempionatında bazar ertəsi oyunları ləğv olunub.
Bu barədə qərarı Almaniya Futbol Liqası (DFL) verib. 2021/22 mövsümündən etibarən turun görüşləri həftəsonu başa çatacaq.
Avropanın əksər aparıcı çempionatlarında tur bazar ertəsinə qədər davam edir. Almaniyada isə bunun qəti əleyhdarları var. Ciddi təzyiqlər göstərən azarkeşlər etirazlarını bildirir, bəzən oyunları da boykot edir.
Televiziya yayımı ilə bağlı hazırkı müqaviləyə əsasən mövsüm ərzində bazar ertəsi keçirilən 5 matç canlı nümayiş olunmalıdı. Yeni imzalanan və 2021/22 mövsümündən qüvvəyə minəcək anlaşmada bu qarşılaşmaları bazar gününə planlaşdırılan əlavə 5 oyun əvəz edib.
Qeyd edək ki, Bundesliqada cari mövsümdə hələ bazar ertəsi görüşü baş tutmayıb. İlk belə matç dekabrın 3-də "Nürnberq"lə "Bayer" arasında olacaq.