12 Avqust 2020, 19:27
AVROPA LİQASI
Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun hücumçusu Tayson Avropa Liqasında yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, o, ötən gecə bu turnirin 1/4 final mərhələsi çərçivəsində İsveçrə "Bazel"inə 4:1 hesabıyla qalib gəldikləri oyunda komandasının qələbəsinə bir qolla töhfə verib.
Braziliyalı futbolçu bu qol sayəsində Avroliqanın tarixinə düşüb. Məsələ burasındadı ki, o, artıq bu turnirdə iştirak etdiyi yeddinci mövsümdə də rəqib qapılarına yol tapıb. Belə bir uğura hələ heç bir futbolçu imza atmamışdı.
Qeyd edək ki, daha öncə "Arsenal"ın fransız hücumçusu Aleksandr Lakazette, "Beşiktaş"ın niderlandlı futbolçusu Cermeyn Lens və Rusiya yığmasının, eləcə də Moskva "Lokomotiv"inin Braziliya əsilli hücumçusu Ari Avroliqada altı mövsüm rəqib qapılarına yol tapa bilmişdi.
32 yaşlı Tayson 2013-cü ildən "Şaxtyor"da çıxış edir. O, daha öncə Ukraynada Xarkov "Metallist"inin də uğurları üçün çalışıb. Braziliyalı futbolçu altı dəfə Ukrayna çempionu olub, beş dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.