"Zirə" Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünə Qəbələdə səfər matçı ilə start götürəcək.
Matc.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu, iki komanda arasında Premyer Liqa çərçivəsində 20-ci oyun olacaq.
Bakılılar ilk dəfə 2015-ci ildə qarşılaşdığı rəqiblə çempionatda 19 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda 4 qələbəsi olan "Zirə" 8 dəfə meydandan bir xalla ayrılıb. 7 oyunda isə qələbəni "Qəbələ" əldə edib. 40 qolun vurulduğu görüşlərdə 16 dəfə fərqlənən qəsəbə təmsilçisi 24 top buraxıb.
Əvvəlki 19 görüşdə "Zirə"nin 11 üzvü qol sevinci yaşayıb. Onlardan beşi rəqib qapısına iki dəfə yol tapıb. Bunlar İlkin Muradov, Sadio Tounkara, Milan Duriç, Nelson Bonilya və Viktor İqbekoyidir. Nelson dubl müəllifi olubsa, digərləri iki fərqli qarşılaşmada qol vurub. "Qəbələ"nin qapısına digər topları isə 6 fərqli oyunçu keçirib.
10-cu dəfə rəqib meydanına yollanacaq "Zirə" 1 dəfə qalib gəlib. Hesabında 4 heç-heçə olan paytaxt klubu eyni sayda qarşılaşmadan xalsız ayrılıb. Səfərdə 6 qola sevinən "Zirə" qapısında 11 top görüb.
Qeyd edək ki, avqustun 23-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Zirə" oyunu 19:00-da başlayacaq.