Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə dönüblər. Matc.az xəbər verir ki,  Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çempionatda Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Milli komanda yarışı ikinci sırada başa vurub.

Beşqat dünya çempionu olan Eldəniz Əzizli təəssüratlarını bölüşərək komandanın nəticəsini böyük uğur adlandırıb: “Beşqat dünya çempionu olduğum üçün çox sevincliyəm. Bütün bunlara baxmayaraq, bizi qarşıda çox mötəbər yarışlar gözləyir. Ona görə də mövcud səhvləri aradan qaldırıb, yeni ildən daha uğurlu nəticələr qazanmağa çalışacağıq”.

Güləşçi karyerası ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, gələcək karyerası ilə bağlı qərar şəxsi məşqçisi, milli komandanın baş məşqçisi və federasiya rəhbərliyi ilə birgə veriləcək: “Düşünürəm ki, yarış başa çatdıqdan sonra yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək”.

Əzizli rəqiblərinin gənc idmançılar olduğunu deyib, dünya çempionatında zəif görüşün olmadığını vurğulayıb: “Ümumiyyətlə, dünya çempionatında zəif keçən görüş olmur. Amma mənim üçün ən maraqlı qarşılaşma final görüşüm olub”.

Qızıl medallı Sənan Süleymanov isə dünya çempionu olmaq arzusunda olduğunu, bundan əvvəl iki dəfə finalda məğlub olduğunu xatırladıb: “İdmançı kimi qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam. İki dəfə finalda məğlub olmuşam. Amma bu dəfə həqiqətən çox yaxşı hazırlaşmışdım və istəyimə nail oldum”.

O qeyd edib ki, dünya çempionatında zəif rəqib yoxdur: “İdmançıların hər biri ciddi rəqibdir. Dünya çempionatından əvvəl hansı ölkələrin və idmançıların yarışda iştirak edəcəyi bəlli olur. Təlim-məşq toplanışlarında bütün rəqiblərimizi təhlil edir və buna uyğun hazırlaşırıq. Mən də rəqiblərimi analiz etmiş, hər birinə qarşı hazırlıq görmüşdüm. Düzdür, daha çox medal qazanan idmançılar var idi. Onlara qarşı isə xüsusi hazırlaşmışdım” (report).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest