İspaniya La Liqası Kilian Mbappenin son şərhləri ilə bağlı X sosial şəbəkəsindəki rəsmi hesabında üzr istəyib. Madird “Real”ının hücumçusu müsahibədə özü haqqında hazırlanmış “mem”i müzakirə edərkən “Çin diktatoru” ifadəsini işlətmişdi. Bu ifadə ilə Mao Tszedunun nəzərdə tutulduğu ehtimal olunur.
Bəyanatda deyilir: “La Liqa Kilian Mbappenin son şərhlərinin çinli azarkeşlərdə yaratdığı narahatlığa görə dərin təəssüf hissi keçirir. Həmin fikirlər şəxsi xarakter daşıyır və liqanın mövqeyini əks etdirmir. Üzərimizə düşən məsuliyyətə uyğun olaraq, “La Liqa”nın və onun bütün klublarının adından üzr istəyirik”.
Qurum İspaniya futbolunun müxtəlif mədəniyyətlər arasında hörmətə, birgəyaşayışa və birliyə önəm verdiyini vurğulayıb: “Biz Çinə, onun qurumlarına və xalqına hörmətlə yanaşırıq. Həftədə milyonlarla azarkeşimizin dəstəyini də yüksək qiymətləndiririk. İllər ərzində qurulmuş münasibətlərə sadiq qaldığımızı bir daha təsdiqləyirik”.













