Son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, UEFA Avropa Liqası turnirinin pley-off mərhələsi çərçivəsində oktyabrın 1-də keçiriləcək "Legiya" – "Qarabağ" oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb. Matc.az xəbər verir ki, Polşanın paytaxtı Varşavadakı "Wojska Polskiego" stadionunda baş tutacaq görüşü UEFA-nın xüsusi nümayəndəsi də izləyəcək.

Belə ki, AFFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki "Josy Barthel" stadionunda keçirilmiş "Düdelanj" – "Qarabağ" oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktını xatırladıb və bildirilib ki, "Legiya" – "Qarabağ" oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.

AFFA-nın müraciətinə əsasən, "Legiya" – "Qarabağ" oyununa UEFA tərəfindən xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest