İyunun 14-dən 20-dək Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında güləşçilərimiz tarixi uğura imza atıb. Matc.az xəbər verir ki, güləşçilərimiz 4 qızıl, 3 gümüş və 5 bürünc olmaqla, ümumilikdə 12 medal əldə edib. Xüsusən də yunan-Roma güləşçilərimiz rekord nəticəylə diqqət mərkəzinə düşüb. Qitə birinciliyində iştirak edən 9 milli üzvündən 7-si fəxri kürsüyə qalxıb. Yığmamız 153 xalla ilk dəfə Avropa çempionu olub.
 
Təbii ki, bu nəticələr Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bu gün federasiyanın prezident əvəzi Namiq Əliyev qitə birinciliyində medal qazanan idmançılara pul mükafatlarını təqdim edib. Qurumun rəhbəri güləşçilərimizin məsul yarışda çıxışı haqqında bunları deyib:
 
"Bu nəticələr göstərir ki, Azərbaycanda həqiqətən güləş inkişafdadır. Demək olar ki, ölkənin bütün bölgələrindən medalçılarımız var. Güləşçilərimizi və məşqçilərimizi təbrik edirik. Qarşıdan yeniyetmələrin dünya çempionatı gəlir. İnanıram ki, həmin yarışda da güləşçilərimiz nailiyyətlər qazanar. İnşallah, bu uğurlu başlanğıcın davamı Olimpiadada da gələr. Bir neçə gündən sonra gənclərin Avropa çempionatı start götürəcək. Orada çıxış edəcək güləşçilərdən də uğurlu nəticələr gözləyirik. Növbəti Olimpiadaya 3 il qalıb. Həmin vaxt 19-20 yaşınız olacaq. Toğrul Əsgərov məhz bu yaşda olimpiya çempionu olub. ümid edirəm ki, sizin aranızda da Fransada keçiriləcək növbəti Olimpiya Oyunlarında ölkəmizi təmsil edənlər olacaq. Siz Azərbaycan güləşinin gələcəyisiniz. Pandemiya ilə əlaqədar bizim üçün ağır il oldu. Belə şəraitdə qazandığınız uğurların dəyəri daha böyükdür".
 
Namiq Əliyev daha sonra brifinqdə media nümayəndələrinin suallarını cavablandırıb:
 
"Samokovda tarixi uğura imza atdıq. Yunan-Roma güləşi üzrə millimiz ilk dəfə komanda hesabında Avropa çempionu oldu. Bir neçə sərbəst güləşçimiz də finaladək irəlilədi. Onlardan biri zədəyə görə finalda güləşə bilmədi. Digər iki güləşçimiz isə Rusiya təmsilçilərinə məğlub olaraq gümüş medal qazandı. Gördüyünüz kimi, hamısı yerli güləşçilərdir, öz yetirmələrimizdir. Bu, onu göstərir ki, Azərbaycan güləşinin gələcəyi var. Hesab edirəm ki, bu uşaqların bir qismi növbəti Olimpiadada ölkəmizi təmsil edəcək.
 
Tokio Olimpiya Oyunlarına lisenziya qazanan güləşçilərimiz arasında dünya və olimpiya çempionları var. Olimpiyaçılarımızın hər birindən medal gözləyirəm. Düzdür, medalların əyarı ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Ancaq 7 idmançımızın hər birindən Olimpiadada yüksək nəticə gözləyirəm.
 
Hal-hazırda olimpiyaçılarımız Göygöldə təlim-məşq toplanışı keçir. Onlar iyulda Bakıda tanınmış və titullu əcnəbi güləşçilərin iştirakıyla son hazırlıq prosesini keçəcəklər. Ondan sonra Olimpiadaya yola düşəcəyik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest