"Neftçi"nin yeni transferi Sezar Meza Kolli "Neftçi TV"yə müsahibə verib. Matc.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bunları söyləyib:
"Neftçi"nin mənimlə maraqlandığını eşitməzdən əvvəl də onun böyük klub olduğunu bilirdim. çünki illərdir Azərbaycanda futbol oynayıram. Bundan əlavə, qardaşımla da məsləhətləşdim. Qardaşım klub haqda çox yaxşı danışdı. Vaxtilə onunla "Neftçi"də komanda yoldaşı olan Emin və Namiq haqda da mənə müsbət fikirlər söylədi. Həmçinin, baş məşqçi ilə də danışığımız oldu. Bu söhbətin "Neftçi"yə keçidimlə bağlı qərar verməyimdə daha çox köməyi dəydi. İlk gündən məni doğmaları kimi qəbul etdikləri üçün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Şəxsi hədəfim həmişə komandanın daha da güclü olması üçün fayda verməkdir. ümumi məqsədlərə gəlincə, istəyirəm ki, bütün mümkün titulları qazanaq. Bayaq da dedim, həm məşqçilər heyəti, həm də futbolçular məni çox isti qarşıladılar. Buna görə onlara təşəkkür edirəm.
Məşqlərimiz çox yaxşı davam edir. Yavaş-yavaş formamızı bərpa etməyə çalışırıq. İnanıram ki, bir neçə gündən sonra daha da yaxşı formada olacağıq. Baş məşqçinin qurduğu oyun sistemində özümü rahat hiss edirəm. çünki bir neçə il əvvəl Kaxaber Sxadadzenin rəhbərliyi altında bu sistemdə oynamışam. Buna baxmayaraq, baş məşqçi mənə hansı mövqedə oynamağı tapşırsa, orada özümü rahat hiss etməyə çalışacağam".
"Neftçi"nin UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi haqda da danışan paraqvaylı futbolçu azarkeşlərə təşəkkür edib:
"Təbii ki, "Dinamo" (Tiflis) çox yaxşı kollektivdir. Məşqçilər heyəti rəqib haqda bizə tez-tez məlumat verir. Hər keçən gün daha çox informasiya alırıq. ümidvaram ki, həmin oyunadək tam hazır olacağıq.
Azarkeşlərə də təşəkkürümü bildirmək istəyirəm. Komandaya transfer olduğum ilk gündən bəri mənə böyük dəstək verirlər. Qardaşım da mənə "Neftçi" fanatları haqqında çox şey danışıb. Onları xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm".