"Bu proses davam edəcək. Mamadu Kaneni də bu şəkildə kəşf etmişik. Məşqlərdə 10-a yaxın futbolçu iştirak edib, gedib. özü də yalnız Afrikadan yox. ötən il Braziliyadan Reneri gətirmişdik, amma onda alınmadı". Bu fikirləri matc.az saytına "Neftçi" klubunun prezidenti Kamran Quliyev deyib.   

Paytaxt təmsilçisi az öncə baxışa iki seneqallı gənc futbolçu dəvət etmişdi. Klub rəhbərinin sözlərinə görə, məqsəd istedadlı əcnəbiləri gətirib, təcrübə toplatmaq və xaricə satmaqdı.

"Artıq XXI əsrdi, futbol komandaları təkcə sponsordan asılı olmamalıdı. Biz satışdan da gəlir əldə etməliyik. Qarşımızda nə qədər planlar var. Tikinti, akademiyanın inkişafı, digər məsələlər... Vəsait üçün hər dəfə sponsordan xahiş etməməliyik. Futbolçu satmaq bu sahədə uğurun başqa bir adıdı. Futbolçunu yetişdirib satırsan. Təbii ki, öz yetirməmizi satmaq daha yaxşı olardı. Ancaq nəzərə alsaq ki, əcnəbilər 19-20 yaşda gəlirlər, onların yetişmə dövrləri gedir. Bəyənilsələr, uğurlu model kimi saxlayacağıq" – deyə, Quliyev bildirib.

"Neftçi"nin prezidenti vurğulayıb ki, Mamadu Kane üçün tək "Olimpiakos" yox, İspaniya La Liqasından da müraciətlər olub:  "Belçikadan, Fransadan da maraqlananlar var idi. İspaniyada "Levante", Belçikada "Brügge" onunla maraqlanırdı. Rəsmi müraciət olsaydı, onlarla danışıq aparılardı. Müəyyən menecerlər vasitəsilə bu məlumatlar bizə çatırdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest