Qazaxıstanın "Kayrat" komandasının hücumçusu Vaqner Lav Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb

Qazaxıstanın "Kayrat" komandasının hücumçusu Vaqner Lav Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Braziliyadan olan 37 yaşlı hücumçu Qazaxıstan mətbuatına açıqlamasında bunları söyləyib:
 
"Bu həftə bizi vacib oyunlar gözləyir. Əvvəlcə səfərdə "Qarabağ"a qarşı avrokubok görüşümüz var, ardınca isə "Astana" ilə çempionat və Qazaxıstan Kubokunun cavab matçları. Bu qarşılaşmaların hər biri çox çətin keçəcək.
 
Konfrans Liqasında keyfiyyətli komandalarla bir qrupa düşmüşük. Artıq Kipr "Omoniya"sı və İsveçrə "Bazel"i ilə oynamışıq. İndi isə bizi "Qarabağ"la səfər matçı gözləyir. Pley-offa çıxmaq asan olmayacaq. Amma bunun mümkünsüz olduğunu da deyə bilmərəm. Futbolda hər şey meydanda həll olunur. Qrupdan çıxmaq şansımız var. Lakin yadda saxlamalıyıq ki, "Kayrat" tarixində ilk dəfə avrokubokların qrupunda iştirak edir. Bəzən bu, oyunçuların psixoloji vəziyyətinə təsir edə, yüngül əsəbilik yarada bilər. Amma komandanın növbəti mərhələyə yüksəlməsi üçün mümkün olan hər şeyi etməyə çalışmalıyıq".
 
Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçına saat 20:45-də start veriləcək. Ağdam klubu 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan Qazaxıstan təmsilçisi isə 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest