"Həm çempionatda, həm də avrokubokdakı hazırkı vəziyyəti bizim üçün uğurlu hesab etmək olar". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi İsveçrə "Bazel"inin prezidenti Reto Baumqartner "Telebasel"ə açıqlamasında belə deyib.
 
O, İsveçrə Super Liqasında potensial lider olmalarını və Konfrans Liqasında son tur öncəsi birinci yerdə qərarlaşmalarını baş məşqçi Patrik Rahmenlə əlaqələndirib. 54 yaşlı futbol funksioneri "Qarabağ"la görüş də daxil olmaqla, dekabrda keçirəcəkləri 5 matçın hər birinə final gözü ilə baxdıqlarını vurğulayıb: "Bu ay keçirəcəyimiz 5 matçın hamısı finala bərabərdir. Rahmen klubdakı hamı kimi, çox iddialıdır. Düşünürəm ki, düzgün yoldayıq. Ancaq mükəmməl demək üçün mütləq kubok qazanmalıyıq. İlin sonunadək çempionatda dörd, UEFA Konfrans Liqasında isə "Qarabağ"a qarşı final matçımız var. Həmin görüşlərdə də uğurlu nəticə qazanmaq niyyətindəyik".
 
Qeyd edək ki, "Bazel" – "Qarabağ" oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup liderli ola və 1/8 finala yüksələ bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest