“Şamaxı”nın Müşahidə Şurasının sədri Zaur Axundovun işlərinin çoxluğu üzündən istefa verməsindən sonra bu komandanın aqibəti ilə bağlı müxtəlif versiyalar səslənir. Matc.az xəbər verir ki, hələlik əyalət klubuna kimin rəhbər təyin olunacağı dəqiqləşməyib. Amma mediada yayılan məlumatlara əsasən, Şamaxı təmsilçisi Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə həvalə tapşırılacaq. Onun Müşahidə Şurasının rəhbəri olacağı gözlənilir.
 
Əldə etdiyimiz daha bir məlumata görə, komanda Şamaxı İcra Hakimiyyətinin kurasiyasında olacaq. Rəhbərliyi isə Vəli Qasımov edəcək. Belə olan halda, gözləmək olar ki, prezident postu elə Qasımova həvalə edilsin.
 
“Şamaxı”da rəhbər dəyişikliyindən sonra komandanın daha iddialı olacağı da ehtimal edilir. Belə ki, indiki baş məşqçi Rüstəm Əliyevin də istefaya göndəriləcəyi və daha iddialı mütəxəssisin dəvət olunması gözlənilir. Baxmayaraq ki, ötən mövsümün sonlarında Sənan Qurbanovun istefasından sonra müvəqqəti baş məşqçi təyin olunan Rüstəm Əliyevlə ötən ay yeni müqavilə imzalanmışdı. Həmin müqaviləyə əsasən, Əliyev 2022/23 mövsümünün sonuna qədər bu komandanı çalışdırmalıdır. Amma yeni rəhbərliyin onu saxlamaqda maraqlı olmayacağı dəqiqdir.
 
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz”də də dəyişikliklər gözlənilir. Belə ki, indiki baş məşqçi Yaşar Vahabzadənin istefaya göndərilməsi gündəmdədir. Buna komandanın həm geridə qalan mövsümdə I Divizionda çox uğursuz çıxış etməsi, həm də azarkeşlərin bu mütəxəssisdən kəskin narazı olması səbəb göstərilir. Gəncə təmsilçisi də daha iddialı mütəxəssis gətirməyə hazırlaşır. Belədə, “Kəpəz”in də Premyer Liqada iddialı olması ehtimalı artır.
 
Xatırladaq ki, Premyer Liqada mübarizə aparacaq digər komanda – “Turan Tovuz” Əfqan Talıbovu istefaya göndərib və Ayxan Abbasovu baş məşqçi təyin edib. Həmçinin, Premyer Liqanın autsayderi “Səbail” də Aftandil Hacıyevi Mahmud Qurbanovla əvəz edib. Daha bir baş məşqçi dəyişikliyi isə “Neftçi”də gözlənilir. Hansı ki, Samir Abasovun Viktor Qonçarenko ilə əvəzlənməsi gündəmdədir. Amma azərbaycanlı məşqçinin postunda saxlanılması variantı da istisna edilmir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest