İspaniyanın "Real" klubu yarımmüdafiəçisi Antonio Blankonu icarəyə göndərib. Matc.az xəbər verir ki, Madrid təmsilçisi 22 yaşlı futbolçunu La Liqanın digər iştirakçısı "Kadis"ə icarəyə verib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. İspaniyalı oyunçunun 2023-cü ilin yayına kimi "Kadis"də forma geyinəcəyi diqqətə çatdırılıb.
 
Antonio Blanko "Real"ın yetirməsidir. Dayaq yarımmüdafiəçisi 2021-ci ildə debüt etdiyi əsas komandada 6 oyun keçirib. O, ötən il İspaniya millisində də 1 oyuna çıxıb.
 
"Kadis" ötən mövsüm "Real"dan icarəyə götürdüyü Viktor çustun da transfer hüquqlarını alıb. Sözügedən klub buna görə Madrid təmsilçisinə 1 milyon avro ödəyib. 22 yaşlı müdafiəçi yeni klubu ilə 4 illik müqavilə bağlayıb. O, geridə qalan mövsümdə "Kadis"in heyətində 29 oyuna çıxıb. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, yetirməsi olduğu "Real"ın əsas komandasında cəmi 3 matça çıxıb.
 
"Kadis" ötən mövsüm "Valyadolid"dən icarəyə götürdüyü yarımmüdafiəçi Federiko San Emeterionun da transfer hüquqlarına yiyələnib. "Valyadolid"dən azad agent kimi ayrılan 25 yaşlı pleymeykerlə 4 illik müqavilə imzalanıb. "Rasinq"in yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Emeterio, "Sevilya"nın B komandasında da oynadıqdan sonra 2018-ci ildə "Valyadolid"ə gəlib. İspan futbolçu "Kadis"dən əvvəl "Qranada"da da oynayıb.
 
"Kadis" Danimarkanın "Midtyulland" klubunun yarımmüdafiəçisi Aver Mabili də heyətinə qatıb. Azad agent kimi heyətə cəlb olunmuş 26 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. Keniyada dünyaya göz açsa da, Avstraliya yığmasında çıxış edən futbolçu, "Midtyulland"da 121 oyuna 19 qol vurub. O, bu klubda olarkən icarə əsasında "Esbyerq", "Pasuş de Ferreyra" və "Kasımpaşa"da da oynayıb. Avstraliya yığmasında 28 oyuna 7 qol vurmuş yarımmüdafiəçi, karyerasının ilk illərində "Kempbeltaun Siti" və "Adelayde Yunayted"də də çıxış edib.
 
La Liqa klubunda qapıçı David Xil ilə də yeni müqavilə imzalanıb. 28 yaşlı qolkiper 3 illik yeni sözləşməyə imza atıb. İspan futbolçu 2017-ci ildən "Kadis"də çıxış edir. Madrid "Atletiko"sunun yetirməsi olan qapıçı, "Xetafe"də də ikinci komandanın uğurları üçün çalışıb.
 
Hücumçu Nano Mesa ilə komandadan ayrılıb. 27 yaşlı futbolçu 2019-cu ildən "Kadis"də çıxış edirdi. "Tenerife"nin yetirməsi olan futbolçu, "Eybar", "Levante" və "Sportinq"də (Xixon) də oynayıb. "Kadis"də möhkəmlənə bilməyən futbolu son iki mövsümdə "Loqrones" və "Saraqosa"da icarədə olub.
 
"Kadis" Alvaro Ximenesi (27 yaş, vinger) "Las Palmas"a, Raul Parranı (22 yaş, sağ cinah müdafiəçisi) "Mirandes"ə və Monteneqrodan olan Milution Osmayiçi (23 yaş, vinger) də "Vizela"ya icarəyə göndərib. Onların hamısı 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest