Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirdi. Matc.az saytı xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan komandamız 5-ci tur çərçivəsində Slovakiyanın qonağı oldu. Bundan bir neçə saat əvvəl Qazaxıstan Belarus üzərində qələbə qazandığından, Trnavadakı qarşılaşmanın heç bir önəmi qalmamışdı. çünki həm bizim, həm də slovakların qrup birincisi olmaq ümidinin üstündən xətt çəkildi.

Görüş slovaklar üçün formallığa çevrilmişdisə, millimizin hələ də qrup sonuncusu olmaq təhlükəsi davam edirdi. Axırıncı tur öncəsi Canni de Byazinin yetirmələri səfərdən xalla dönərək, D liqasına düşmək qorxusundan tamam qurtulmaq istəyirdi.

Slovakiya – Azərbaycan – 1:2
Qollar: Erik Yirka, 90+3 (pen.) - Renat Dadaşov, 44, Höccət Haqverdi, 90+5
Trnava, Anton Malatinski stadionu. Hakimlər: Villiam Kollum, Devid Makqişi, Frensis Konnor, Donald Robertson (hamısı Şotlandiya). VAR hakimləri: Peter Benks, Neyl Deyvis (hər ikisi İngiltərə)
Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 14. Milan Şkrinyar (k), 16. David Qançko, 7. Kristian Vallo, 22. Stanislav Lobotka, 8. Laşlo Beneş (11. Samuel Mraz, 83), 21. Matuş Bero (19. David Dyuriş, 83), 17. Martin Reqali (20. Kristian Herts, 63), 18. Erik Yirka, 9. Robert Bojenik (10. Adam Zrelyak, 74)
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko, 4. Martin Valyent, 6. Miroslav Kaçer, 13. Patrik Qroşovski, 15. Norbert Dyomber
Baş məşqçi: Françesko Kaltsona
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqverdi, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda (22. Aleksey İsayev, 72), 8. Emin Mahmudov (k) (16. Elvin Camalov, 83), 21. Ozan Can Kökçü (2. Amin Seydiyev, 72), 9. Renat Dadaşov (10. Musa Qurbanlı, 77), 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç
Baş məşqçi: Canni de Byazi

Qaranın yerində "Neftçi"li
Aparıcı hücumçu Mahir Emreli cəzalı idisə, "Zirə"nin iki üzvü - forvard Rüstəm Əhmədzadə və yarımmüdafiəçi Qismət Alıyev "23-lüy"ə salınmamışdı. Ən çox sual doğuran məsələ isə milliyə çağırılmaması böyük ajiotaja yol açan Qara Qarayevi kimin əvəzləməsi idi. Canni de Byazi onun yerinə dayaq yarımmüdafiəçisi mövqeyində "Neftçi"nin üzvü Eddi İsrafilova etibar etdi. Qara ilə yanaşı, Maksim Medvedev də (zədə səbəbindən) dəvət almadığından, kapitan sarğısı Emin Mahmudova tapşırıldı.

İtaliyalı mütəxəssis "Qarabağ"ın 6 üzvünə start "11-liy"ində yer verdi. Qapıçı Şahruddin Məhəmmədəliyevin önündəki müdafiəçilərdən 3-ü klub yoldaşları idi. Son vaxtlar "Qarabağ"da müdafiənin mərkəzində mütəmadi çıxış edən Bəhlul Mustafazadə və Bədavi Hüseynov yığmada da eyni funksiyanı icra etməli idilərsə, Elvin Cəfərquliyev sol cinahdakı yerini aldı. Mərkəz müdafiəçisi kimi tanıdığımız Höccət Haqverdi bu dəfə sağ cinahda oynamalı idi. Əvəzində Amin Seydiyev və Abbas Hüseynov kimi sağ cinah müdafiəçiləri ehtiyatda qaldılar.

Debütdə yenilərlə
4-2-3-1 sistemində Eddi İsrafilovla Riçard Almeyda müdafiəçilərin önündə rəqib hücumlarının qarşısını kəsən ilk sədd olmalı idi. Emin Mahmudov pleymeyker kimi hücum oyunçularını topla təmin etmək vəzifəsini üzərinə götürmüşdü. Ramil Şeydayev sol, debütant Ozan Can Kökçü sağ cinahdan vinger işini icra edirdilərsə, Renat Dadaşov hücumun mərkəzində qol axtarmalı idi.

Slovakiya isə yeni baş məşqçi Françesko Kaltsonanın rəhbərliyi altında ilk oyununa çıxırdı. Maraqlıdı ki, bu, Kaltsonanın hətta peşəkar baş məşqçi kimi ilk rəsmi görüşü idi. 4-3-3 sxeminə üstünlük verən italiyalı mütəxəssisin Peter Pekarik, Norbert Dyomber kimi tanınmış simaları ehtiyatda saxlaması diqqətçəkən idi. Heyətdə ciddi dəyişikliklər edən meydan sahiblərində yeni simalar kifayət qədər idi.

Toplu/topsuz fərqliliklər
Matçın startından hər iki komandanın o qədər də yüksək motivasiyada olmadığı hiss olunurdu. çünki ilk dəqiqələrdən nə ev sahibləri, nə də qonaqlar yüksək tempdə maraqlı görünürdü. Nəticədə mübarizə əsasən mərkəzdə top uğrunda gedirdi. Bəzən millimiz, bəzən isə rəqib top çevirir, oyuna nəzarət edirdi. Hər iki halda topsuz olan komanda meydanın rəqibə aid hissəsində pressinq edərək, müdafiədən rahat hücum qurmaq imkanı vermirdi. Təsadüfi deyil ki, matçda ilk qapıçı müdaxiləsi 20-ci dəqiqədə oldu. Bu da oyun anında deyil, standart vəziyyətdən yarandı. Laşlo Beneşin cərimə zərbəsindən vurduğu topa Şahruddin əla reaksiya göstərərək, qola mane oldu.

Diqqətçəkən məqam matçın içində yığmamızın tez-tez taktiki dəyişikliklərə getməsi idi. Məsələn, futbolçularımız topa sahib olduğu zaman Elvin Cəfərquliyev soldan irəli atılır, Şeydayevə yaxın oynayırdı ki, belədə komanda 3-lü müdafiəyə keçirdi. Top rəqibdə olanda isə vəziyyət dəyişirdi. ön xətdəki oyunçulardan Ozan Can Kökçü çox geri çəkilir, hətta bəzən 5-ci müdafiəçi funksiyasını yerinə yetirirdi. Standart vəziyyətlər istisna olmaqla, digər bütün hallarda Mahmudov, Şeydayev və Dadaşov geri gəlmir, maksimum meydanın mərkəzinə qədər qayıdırdılar. Cəfərquliyevin hücuma çox aludə olması, Şeydayevin də geriyə köməyə gəlməməsi sol cinahı əksər hallarda slovaklar üçün boş dəhlizə çevirirdi. Kaltsonanın yetirmələri daha çox həmin zonadan təhlükəli həmlələr etsə də, bu, qolla nəticələnəcək dərəcədə olmurdu.

Tempi artırmaq slovaklara baha başa gəldi
Slovaklar yalnız ilk yarının sonlarında tempi artıraraq oyuna hərəkətlilik gətirdi. Bu da qapımız qarşısında ciddi qol vəziyyətləri yaranmasına səbəb oldu. Meydan sahibləri bu müddətdə iki yüz faizlik şansı qaçırdı. Hər iki halda yığmamızın bəxtinin gətirdiyini demək olar. Rəqib açıq futbola keçdiyindən, özü də orta sahədə ciddi boşluqlar verirdi. Bir neçə dəfə slovakları müdafiədə azlıqda yaxalasaq da, son ötürmələrdə anlaşma aşağı səviyyədə alınırdı. Lakin 44-cü dəqiqədə növbəti belə hücumda hesabı açmağa müvəffəq olduq. Qarşılaşmada zəif gözə çarpan Ozan Canın sağdan ötürməsini qəbul edən Renat Dadaşov iti bucaq altından yaxın küncə qarşısıalınmaz zərbə vurdu. Bununla da azsaylı tamaşaçının izlədiyi və sönük başlayan birinci hissə qolla başa çatdı.

"Beşli" müdafiəyə keçid, yorulmaz döyüşçü
Fasilədən sonrakı mənzərə də birinci hissənin əvvəllərinə bənzər idi. Yenə aşağı tempdə mübarizə izləyirdik. Bu dəfə fərq onda idi ki, slovaklar topla daha çox oynayırdılar. Bu da hesabda geri düşməyin gətirdiyi məcburiyyət idi. Yığmamızın üzvləri isə topa yiyələndikləri zaman kəsərli hücumlar etmək əvəzinə onu özlərində saxlamaqla rəqibi oyundan "soyutmağa" çalışırdılar. Meydan sahibləri nəzarəti ələ keçirdiyindən, ara-sıra Şahruddini narahat eləmələri də normal olmalıdı. Ozan Can artıq 5-ci müdafiəçi kimi oynayırdısa, Ramil da geri köməyə gəlirdi. Bu da komandamızın qapanmasına, hücuma çıxa bilməməsinə səbəb olurdu.

De Byazi ilk əvəzetmələri ilə 5-3-2 sisteminə birdəfəlik keçid elədi. Debütündə assistlə yadda qalan Ozan Canın yerinə meydana daxil olan Amin Seydiyev sağ cinahda öz mövqeyində qərarlaşdı, Höccət isə 3-lü mərkəz müdafiə xəttini formalaşdırdı. Yorulmaq bilməyən Şeydayev bəzən o qədər geri çəkilirdi ki, 6-cı müdafiəçi olurdu. Mübarizəyə fəal qoşulan Seydiyev tez-tez xırda foullarla rəqibə cərimə zərbəsi qazandırsa da, əksər hallarda qapı qarşısına ötürülən topları özü qaytarırdı.

İsayevin son dəqiqə qollarındakı rolu
Qarşılaşmanın sonluğu olduqca dramatik alındı. Əvvəlcə əlavə edilmiş 3-cü dəqiqədə müdafiə olunarkən ani diqqətsizlik rəqibin penalti qazanmasına və bərabərlik topunu vurmasına yol açdı. Hər kəs Slovakiyanın qalibiyyət topu üçün hücuma atılacağını gözlədiyi halda, komandamız ev sahiblərinin hətta bərabərlik istəyini də ürəyində qoydu. Rəqibə penalti hədiyyə edən Aleksey İsayevin bu dəfə cinah asması zamanı qapıçını qabaqlayan Höccət başla fərqləndi.

Bununla, qrupda ardıcıl ikinci qələbəsini qazanan de Byazinin kollektivi xallarının sayını 7-yə çatdırdı. Turnir cədvəlində Slovakiyanı geridə qoyaraq ikinci pilləyə yüksələn yığmamızın D liqasına düşmək qorxusu da qalmadı. İki gün sonra Bakıda Qazaxıstanla keçiriləcək görüş isə yalnız qrupu 2-ci yerdə tamamlamaq baxımından önəm kəsb edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest