16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionu olub. Komandamız Andorrada təşkil edilən yarışın finalında meydan sahiblərini 57:45 hesabı ilə məğlub edib. Nəticə ölkədə toy-bayrama çevrilib. Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev də sosial şəbəkədə bu barədə fikirlərini yazıb. Amma idman yazarları Andorradakı qələbə haqda fərqli düşünür.
"16 yaşlı qızlardan ibarət Azərbaycan millisinin qitənin ən zəiflərinin yer aldığı C divizionunda qələbəsini ümumxalq bayramına çevirməyə dəyməz". Bu fikirlər futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudova məxsusdur. Onun fikrincə, bu idman növündə heç bir gələcəyimiz yoxdur, nəticəni də milliləşənlər qazanıb: "Andorra ilə final matçında komandamız 57 xal toplayıb, onun 44-nü Ela Nur Gökçöl, Şilan Akbinqol və Deniz Gökçöl hesabına yazdırıb. Turnirin önəmini, iştirakçıların səviyyəsini nəzərə alsaq, belə yarışda əcnəbilər hesabına nəticə qazanmaq özünü aldatmaqdır.
Turnirin ən yaxşı oyunçu beşliyində əsl gürcü və əsl erməni yer alıb - fakt budur. Biz isə yenə pulu əcnəbilər üçün havaya sovururuq, gənc nəslin yetişməsi üçün heç nə etmirik. O yarışı qazanmaqdansa, bir basketbolçu qazanmaq daha dəyərli olardı".
Qafqazinfo.az saytının əməkdaşı Elsevər Məmmədlinin fikrincə, Azərbaycanda hansı federasiyaya rəhbər gəlirsə, həmən medal qazanmağı düşünür: "Yəni, heç kəs bu idman növünü aşağı yaş qruplarından inkişaf etdirim deyə fikirləşmir. 16 yaşlı milli komandanın qızıl medal qazanması kimə lazımdır ki? Gedib leş "C" divizionunda qalib olmaqları nəyin nəsidir ki? Bu heç kəsə lazım deyil. Hansı ki, o komandanın əksəriyyəti əcnəbidir. Əsas milli komanda olsa, yenə də keçmək olar. İmkan verin, uşaqlarımız oynasınlar, beynəlxalq arena görsünlər, bəlkə daha da irəli gedəcəklər, həvəs artacaq. Amma nazir Emin Əmrullayevin federasiyası yerli uşaqların arzuların ürəyində qoyub, medal qazanmaq arzusundadır... Bunlar uşaqları məhv edir".
Qaynarinfo.az saytının idman şöbəsinin redaktoru Amal Abuşov isə milli komandanın qələbəsi haqda belə düşünür: "Şimali Koreyada dövlət televiziyası deyib ki, futbol üzrə yığma komandamız Braziliyanı 3:0 udub, hamı da inanıb. İndi Emin Əmirullayev deyir ki, basketbolçularımız Avropa çempionu olub. Hamı da toy-bayram edir. Biz ki, Şimali Koreyada yaşamırıq, niyə belə olmalıdı? Əlbəttə, uğur qazanmaq yaxşıdır, amma adam aldatmaq pis. Nə vaxt uşaqlarımız basketbola-idmana problemsiz gedib-gələ biləcəklər, onda əsl uğur olacaq".
"İdman növündən asılı olmayaraq, aşağı yaş qrupları üzrə milli komandalara legioner cəlb etmək biabırçı addımdır. Belə komandaların məqsədi əsas yığmaya idmançı hazırlamaq olmalıdır, nəinki ortabab xaricilərin hesabına aşağı səviyyəli turnirlərdə yer tutmaq" – bu fikirlər isə idman yazarı Elmar Rzaya məxsusdur.
Onun sözlərinə görə, Azərbaycan U-16 milli komandası Avropa çempionatında ən zəiflərin yer aldığı C divizionunda qalib olub: "Siz bunu ancaq idmanla maraqlanmayan kütləyə "tarixi uğur" kimi sırıya bilərsiniz. Ancaq biz bilirik ki, belə deyil. Bu komandanın məqsədi oyunçu yetişdirmək, gələcəkdə əsas yığmanı formalaşdırmaq olsaydı, baş məşqçi Evren Alkaya Andorra ilə final matçında vur-tut 6 oyunçunun xidmətindən istifadə etməzdi. 12 nəfərlik heyətin 5 üzvü cəmi bir saniyə parketdə olub, biri isə ümumiyyətlə forma geyinməyib. Bu tendensiya millinin turnirdə keçirdiyi bütün oyunlarda yaşanıb. çalışdırıcını əslində qınamıram, onu qarşısına qoyulan məqsəd qısa müddətdə nəticə verməkdir.
Türk baş məşqçinin dilində desək, ən "ilginc" fakt isə qabaqdadır. Belə ki, Andorra ilə oyunda komandamızın topladığı 57 xalın 44-ü legioner basketbolçuların aktivində olub: Ela Nur Gökçöl - 19 xal, Şilan Akbinqol - 15 xal, Deniz Gökçöl - 10 xal. ümumiyyətlə, Ela Nur turnirin MVP mükafatına layiq görülüb, o həmçinin Şilanla birgə turnirin ən yaxşı "beşliy"inə seçilib. Lap maraqlısı da odur ki, bu "beşlik"də yer alan Seda Qabrielyan Ermənistan yığmasının, Salome Svani isə Gürcüstan seçməsinin öz yetirməsidir".