22 Avqust 2023, 12:33
TOP OYUNLARI
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçular üçün təşkil olunmuş məşq prosesinə baxış keçirib. Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan və Şahin çatmanın rəhbərlik etdiyi məşqlərdə bir neçə gün əvvəl yekunlaşmış "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"ndə fərqlənən 40-a yaxın uşaq iştirak edir.
Görüşdə Ş.Bağırova məşq prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə davam etdirilir. Federasiya rəhbəri uşaqların vəziyyəti və yaradılmış şəraitlə maraqlanıb. Onlara məşqlərə və dərslərə ciddi yanaşmalarını, peşəkar voleybolçu olmaq, gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etmək yolunda var gücləri ilə çalışmalarını tövsiyə edib.
Qeyd edək ki, yeniyetmə voleybolçular bir neçə ay ərzində ölkənin müxtəlif regionlarında keçirilmiş seleksiya məşqlərində müəyyən edilərək seçiliblər. Federasiyadan bu cür seleksiya məşqlərinin və düşərgələrin mütəmadi təşkil olunacağı bildirilib. Seçimlərin və düşərgələrin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.