Bir müddət öncə Gənclər və İdman Nazirliyi sosial şəbəkə hesablarında bu qurumun ayırdığı maliyyə ilə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda çəkilən “Stadionlar səssiz olanda” filminin rəsmi treyleri ictimaiyyətə təqdim olundu. Açığı, çox sevindim. Düşündüm ki, nazirlik maraqlı addım atıb. Təbii ki, Azərbaycanda futbol barədə film çəkiləcəkdisə, Qurban Qurbanov haqda olmalı idi. Treyler də baxımlı idi. Amma...
Dünən Gənclər və İdman Nazirliyinin dəvəti ilə yollandım “Nizami” Kino Mərkəzinə. Qurum möhtəşəm qala-gecə təşkil etmişdi. Azərbaycan futbol ictimaiyyətinin üzdə olan nümayəndələri tədbirə dəvət olunmuşdu. Dövlət rəsmilərinin də iştirakı gecəyə əlavə maraq qatmışdı.
Amma ilk dəqiqələrdən şok effekti yaşadacaq məqamla qarşılaşdım. Afişada filmin adı “Stadionlar səssiz qalanda” idi. Düşündüm ki, böyütməyə dəyməz, “olanda” ilə “qalanda”nın fərqi nədi ki... Əsas odu ki, film maraqlı olsun... Bəs maraqlı idimi?
Mən film mütəxəssisi, sənətşünas, peşəkar resenziyaçı deyiləm. Lakin yetərincə çox kino və serial izləmişəm. Ən azı maraqlı işləri həvəskar kimi qiymətləndirməyi bacarıram. Təbii ki, futbolla bağlı onlarla məşhur ekran əsərinə baxmışam. İndi onların adlarını sadalayaraq uzunçuluq etmək istəmirəm.
Keçək adı tam bəlli olmayan bizim filmə. Təbii ki, ssenaridə müsbət və mənfi məqamlar var idi. Gənclər və İdman Nazirliyinin alqışalayiq təşəbbüsünün nəzərə alaraq əvvəlcə pozitiv səhnələrdən danışmaq istəyirəm.
Filmdə Musa Qurbanovun qardaşı Qurbana münasibəti yaxşı ifadə olunmuşdu. Böyük övladın kiçiyə dəstək və qayğısını xalqa örnək kimi göstərmək lazımdı. Məni ən çox təsirləndirən səhnə Musanın Qurbandan xəbərsiz həsrətində olduğu topu alması idi. Filmin əvvəllərində Qurban Qurbanovun çayxanada işlədiyi göstərilir. Qazancından qəpik-quruş qırağa atır ki, kəndlərində olan “1001 xırdavat”dan top ala bilsin. Pulu tamamlayanda isə arzusu puç olur. Çünki vitrində olan top satılmışdı. Xəyal qırıqlığı yaşayan balaca kor-peşman evə gələndə böyük sevinc yaşayır - qardaşı Musa onun arzusunu həyata keçirmişdi.
Burda öz uşaqlığıma xəyali səfər etdim. Mən də həmin yaşlarda valideynlərimin yemək almaq üçün verdiyi pulu yığırdım, özümə top, forma və ya “ket” alırdım.
Təsirli səhnələrdən biri də Qurban Qurbanovun “Fakel”də çıxış etdiyi illərlə bağlı idi. Burda əsas diqqətçəkən məqam karyerasının qürub çağında olan futbolçunun zədə anı idi.
Qurban Qurbanovun baş məşqçi olması ilə bağlı epizoda da yaxşı toxunulub. Həmişəki kimi Musa Qurbanov yenə qardaşına məsləhət verir: “Komanda udanda qələbə hamınındı. Məğlubiyyət zamanı isə tək günahkar baş məşqçi olar”.
İndi də keçək mənfi məqamlara. Filmin ilk 30 dəqiqəsində elə bildim ki, Qurban Qurbanovu səssiz canlandırıblar. Çünki təcrübəli mütəxəssisin uşaqlığını oynayan obrazın dilindən söz çıxmadı. Yalnız “Daşqın”da çıxış edən zaman gənc futbolçu ilk maaşı ilə bazarlıq edərək evə gələndə qardaşı Musanın işlə məşğul olduğunu görərək “yorulmayasız” deyir.
Digər müsbət məqamları bilet alaraq filmi izləyən zaman görə bilərsiz. Keçək indi mənfilərə. Ssenaridə unudulan çox şey var idi. Qurban Qurbanovun milli komanda karyerasındakı uğurdan bəhs olunmamışdı. Ən azı yığmaya ilk dəfə çağrılmasını səhnələşdirmək olardı. Bundan başqa, Rəşad Sadıqovla dostluq münasibətlərinin necə yaranmasını tamaşaçıya göstərmək lazım idi.
Mənfi məqamlardan biri, mənə görə ən biabırçısı “Qarabağ”ın Monteneqroya təlim-məşq toplanışa getməsi ilə bağlı səhnə idi. Ağdam təmsilçisinin futbolçuları avtobusda olan zaman yoldan keçən gözəl qızları görürlər. Vild-Donald Gerye Riçard Almeydaya “ooo, burda əla qızlar var” deyərək gülümsəyir. Otelin girişində çimərlik paltarında olan xanımlar açıq-aşkar nümayiş olunur. Futbolçular da onlara baxaraq həsəd aparırlar. Baş məşqçi isə oyunçulara əvvəlcə oteldən, sonra isə otaqdan çıxmamaq cəzası verir.
“Yəqin ki, ssenarist filmə yumor qatmaq üçün bu səhnələri daxil edib”, - deyə düşündüm. Sonra xatırladım ki, Əli-Səttar Quliyev qəzetimizə açıqlamasında Qurban Qurbanovla cəmi 1 saat söhbət etdiyini bildirmişdi. Onda anladım ki, ssenarist ölkənin ən yaxşı məşqçisini yaxından tanımır. Ona bələd olsaydı, Qurban Qurbanovun bu səhnədə nə qədər utandığını və belə məqamlarda futbolçuları onun səhnələşdirdiyi kimi cəzalandırmadığını bilərdi.
Filmlə bağlı çox mənfi şey yazmaq olar. Amma nəzərə alaq ki, kinonun araya-ərsəyə gəlməsinin özü belə xoş məqamdı. Aktyor işini müsbət qiymətləndirə bilərik. Qurban Qurbanovun uşaqlığını və indiki halını canlandıranlar filmdə möhtəşəm performans sərgilədilər. Amma ssenari... Qısa və konkret deyə bilərəm ki, Qurban Qurbanovun karyerasına yaraşmadı.
İlkin
Futbol+