“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin matc.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt”la səfər matçından 1 xalla qayıtdınız. Bu nəticə sizi qane etdi?

- Oyunun ağır olacağını bilirdik. Çünki rəqib bundan öncə “Neftçi”ni evdə məğlubiyyətə uğratmışdı. Amma biz də Sumqayıta qələbə, ən azından xal dalınca getmişdik. Düşünürəm ki, pis çıxış etmədik. Şanslarımız oldu. Qol da vurduq, lakin həmin epizodda ofsayd qeydə alındı. Heç bir komanda uduzmaq istəmirdi. Buna görə də oyun sonadək gərgin mübarizə şəraitində keçdi. Bu görüş hər iki tərəf üçün 6 xallıq oyun idi. Belə matçda 1 xal qazanmaq da pis nəticə deyil.

- “Sumqayıt”la cari mövsümdə keçirdiyiniz hər 3 oyunda heç-heçə qeydə alınıb. Bu, nə ilə bağlıdı? Səbəb hər iki komandanın bir-birinə qarşı ehtiyatlı davranmasıdı?

- Evdəki oyunda “Sumqayıt”la 2:2 hesablı heç-heçə etmişdik. Həmin görüşün gedişində 2 top fərqi ilə geri düşsək də, hesabı bərabərləşdirə bilmişdik. O matçda da çoxlu qol epizodu yaratmışdıq. Budəfəki oyunda da rəqiblə müqayisədə bizim real qol şansımız daha çox idi. Ehtiyat etdiyimizi deməzdim. Sadəcə, hər kəs xal qazanmaq istəyir. Bunun üçün də ilk növbədə müdafiədə səhv buraxmamalısan. Adətən belə oyunların taleyini 1 qol həll edir. “Sumqayıt”la cari mövsümdəki son oyunumuz evdə olacaq. Həmin görüşdə 3 xal qazanmağa çalışacağıq.

- “Turan Tovuz”un qış fasiləsindən bəri çıxışını necə dəyərləndirirsiniz?

- Qış fasiləsindən sonra cəmi 1 oyunda məğlub olmuşuq. “Kəpəz”lə həmin görüşün əvvəlində futbolçumuz qırmızı vərəqə alıb, uzun müddət azlıqda oynamışıq. 10 nəfərlə mübarizə apardığımıza görə bizim üçün ağır oyun oldu. Hesabda öndəydik. Qırmızı vərəqə olmasaydı, matç başqa hesabla nəticələnə də bilərdi. Real danışsaq, hakim həmin görüşdə kobud səhvə yol vermişdi. Qış fasiləsindən sonra səfərdə “Sabah” və “Sumqayıt”la heç-heçə etmişik, “Səbail” və “Qəbələ”ni isə məğlubiyyətə uğratmışıq. Pis nəticə deyil. Çalışacağıq ki, növbəti oyunlarda maksimum xallar qazanaq. Çünki turnir cədvəlində bizdən öndə olan komandalardan uzaq düşmək istəmirik.

- Yeni transferiniz Aleks Souza hazırda “Turan Tovuz”un əsas oyunçularından sayılır. Onun belə qısa müddətdə kollektivə uyğunlaşacağını gözləyirdiniz?

- Aleks qış toplanışının ilk günündən necə mehriban, istiqanlı insan olduğunu göstərdi. Gəldiyi gündən tez bir zamanda komandaya uyğunlamağa çalışdı. İstəklidi, gənc futbolçudu. İnşallah, komandamıza xeyirli-uğurlu olar. Əsas odu ki, mövsümü zədəsiz keçirsin. Komandaya xeyir vermək üçün əlindən gələni edir.

- Növbəti turda sizi “Neftçi” ilə ev oyunu gözləyir. Bu mövsüm çempionatda keçirdiyiniz hər iki görüşdə “ağ-qaralar”a uduzmusunuz. Bu dəfə uğurlu nəticəyə imza ata biləcəksiniz?

- Düzdü, cari mövsümdə hər iki görüşdə “Neftçi”yə məğlub olmuşuq. Əslində, bu oyunlarda məğlub olmaya da bilərdik. Son dəqiqədə buraxdığımız qol bizi çox məyus etmişdi. “Neftçi” ilə budəfəki qarşılaşma da çətin keçəcək. Son turda “Zirə” üzərində qələbə qazanıblar. “Neftçi” yaxşı futbolçulardan ibarət komandadı, geniş heyətə malikdi. Artıq bütün fikrimizi bu matça yönəltmişik. Rəqibi düzgün təhlil edərək yaxşı nəticəyə imza atmağa çalışacağıq. Sonadək mübarizə aparacağıq. Azarkeşlərimizi, bizi sevənləri sevindirmək istəyirik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest