"Zirə"nin futbolçusu Adil Nağıyev Azərbaycan çempionatları tarixinə 2 və daha çox avtoqol müəllifi olan 23-cü oyunçu kimi düşüb. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Topaz Premyer Liqasının VIII turunun "Keşlə" ilə görüşündə (0:1) öz qapısına qol vurub.
VI turun "Sumqayıt"la səfər matçında da (0:1) yeganə top məhz Adilin avtoqolu olmuşdu. Nağıyevə qədər Azərbaycan çempionatlarında 6 futbolçu üç, 16 oyunçu isə iki dəfə topu öz qapısına göndərmişdi. İkinci dəfə uğursuzluq yaşayan "Zirə"li avtoqollarının sayı 2-yə bərabər olan 17-ci futbolçudu.
Adil eyni mövsümdə iki dəfə "fərqlənib" ki, belə şanssızlıq yalnız 6 oyunçu yaşamışdı. Onlardan ikisi bir mövsümdə rekord sayda – 3 dəfə öz qapısına qol vurub. Natiq Qasımov (MOİK) 2005/06, Jairo Rodriges ("Neftçi") 2016/17 mövsümündə bunu gerçəkləşdirib. Ruslan Abışov ("Neftçi") 2011/12, Eltun Yaqublu (AZAL) 2014/15, Cəmil Hacıyev ("Sumqayıt") 2015/16 mövsümündə iki avtoqol üzüntüsü yaşayıb.