“Zirə” və “Kəpəz” klublarının sabiq baş məşqçisi Adil Şükürovun matc.az saytına müsahibəsi

- “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini 4-cü oyunda qazana bildi. Qalibiyyətin gecikməsi nə ilə bağlı idi?

- “Qarabağ” qalib gəldiyi matça qədər də yaxşı oyun göstərirdi. Sadəcə, oyun ərzində əldə etdiyi qol imkanlarından istifadə etməkdə çətinlik çəkirdi. Yersiz qırmızı vərəqələr və yaxud hakimlərin bəzən “Qarabağ”a qarşı həddən artıq sərt yanaşması üzündən komanda oyunları qalib kimi bitirə bilmirdi. Amma ümumilikdə “Qarabağ” son illərdə Avroliqada stabil çıxışı ilə bir çox komandalardan üstün mövqe tutmağı bacarıb. Buna görə də artıq bir çox rəqiblər “Qarabağ”la görüşdə daha çox müdafiədən oyun qururlar.

- “Qarabağ” Liqa mərhələsindəki növbəti matçını Bakıda adlı-sanlı “Lion”a qarşı keçirəcək. Bu görüşdə təmsilçimizdən hansı nəticəni gözləyirsiniz?

- “Lion” nə qədər adlı-sanlı rəqib olsa da, “Qarabağ” bu cür komandalara qarşı matçlarda öz inamlı oyunu ilə xal qazana bilib. İnşallah, bu görüşdə də təmsilçimiz Fransa klubunu məğlub etməyi bacaracaq.

- Sizcə, “Lion”la qarşılaşmada “Qarabağ” əsas nəyə fikir verməlidi? Görüşün taleyini nə həll edə bilər?

- “Lion” kimi rəqiblərə öz oyununu göstərməyə imkan vermək olmaz. Çünki bu cür komandalar üstünlüyə yiyələnsələr, şanslardan maksimum yararlanırlar. Bu isə “Qarabağ” üçün evdə acınacaqlı ola bilər. İnanıram ki, Qurban Qurbanov “Lion”la oyunda qələbə qazanmaq yollarını futbolçulara başa sala biləcək. “Qarabağ” Avropa Liqasında növbəti mərhələyə çıxmaq üçün “Lion”la görüşdən sərfəli nəticə ilə ayrılmalıdı. Bunu bacarsalar, sonrakı matçlarda daha inamlı çıxış edəcəklər.

- Sizə görə, “Qarabağ”ın Avropa Liqasında pley-offa çıxmaq şansı nə qədərdi?

- Pley-off mərhələsinə yüksəlmək yaxşı olar. Amma buna nail olmaq üçün “Qarabağ” qələbələr qazanmalı, ilk oyunlardan fərqli olaraq, qol imkanlarından yararlanmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest