“Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Zirə” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, “ağ-qaralar” Premyer Liqanın XIII turunda “Palms Sports Arena”da “Zirə”ni 1:0 hesabı ilə məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında ukraynalı mütəxəssis Rəşad Sadıqovla arasında yaşandığı deyilən mübahisəyə münasibət bildirib:
“Mənimlə Rəşad Sadıqovun arasında heç nə olmayıb. Bəlkə onda nəsə olub, amma mənim tərəfimdən heç bir problem yoxdur”.
Vernidub “Neftçi”nin əvvəlki oyunlardan fərqli olaraq bu dəfə “Zirə”yə qalib gəlməsinin səbəblərindən də danışıb:
“Futbolçular oyuna necə çıxmalı olduqlarını bilirdilər. Bu, mənim xoşuma gəldi. Qarşılaşmanı iki hissəyə bölmək olar. İlk yarıda üstünlük bizdə idi. “Zirə”nin təhlükəli epizodunu xatırlamıram. Erkən qol vurduq, bundan sonra da imkanlarımız oldu, sadəcə, onları dəyərləndirə bilmədik.
İkinci hissədə 15-20 dəqiqə bərabər oyun getdi. Daha sonra futbolçularımız məğlub olmaq istəmədikləri üçün müdafiəyə daha çox diqqət ayırdılar. Nəticədə hesabı qorumağı bacardıq. Bu qələbə bizim üçün çox önəmlidir. İrəliyə doğru hərəkət edirik.
85-ci dəqiqədə meydana mərkəz müdafiəçisi buraxdım və 5-3-2 sisteminə keçdik. Çünki “Zirə”nin cinahlardan asmalar etdiyini bilirdik. Davit Volkov başla yaxşı oynayır. Rəqibin mərkəz müdafiəçiləri də hava toplarında güclüdür. Elvin Bədəlovu üç müdafiəçimizin də ucaboylu olması və asmaların qarşısını almaq üçün meydana buraxdım”.
Baş məşqçi “Neftçi”nin 90 dəqiqə ərzində dominant futbol nümayiş etdirməsi ilə bağlı suala da cavab verib:
“Bu suala cavab vermək çətindir. Mən də istəyirəm ki, “Neftçi” 90 dəqiqə dominantlıq etsin. Ancaq futbol inkişaf edir və yerində saymır. Azərbaycan çempionatında xoşuma gələn çoxlu komandalar var. “Sabah”, “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı”, “Qarabağ” və “Zirə” asan rəqiblər deyil. Onların da məşqçiləri var və hər biri qalib gəlmək, oyuna nəzarət etmək istəyir.
“Sabah” – “Barselona” matçına baxdınız. Deməzdim ki, “Barselona” bütün oyun boyu üstünlük qurdu. “Sabah” eyni səviyyədə futbol oynaya bildiyini göstərdi. Hətta ilk qolu da vura bilərdi. “Viktoriya” (Plzen) “Benfika”dan güclüdür? Buna baxmayaraq, hesab 4:0 oldu.
Komandamızın hər bir üzvünə oyunlara münasibətinə və əzmkarlığına görə təşəkkür edirəm. Bu cür davam etsələr, daha yaxşı oyun nümayiş etdirəcəyik.
Rəşad Sadıqovla bağlı məsələyə gəlincə, belə bir mübahisəni xatırlamıram. Mən mübahisə edən insan deyiləm. Ona qarşı heç bir mənfi münasibətim yoxdur. Sadəcə, oyunun bəzi epizodları ilə bağlı fikirlərim və emosiyalarım olub. Ona görə də bu mövzunu bağlamaq lazımdır”.
Ukraynalı mütəxəssis azarkeşlərə də müraciət edərək onları stadionda komandaya dəstək olmağa çağırıb:
“Bu çağırışı hər oyunda edirəm. Azarkeşlərimizi salamlayıram. Futbolu izləyən hər kəsə də salamlarımı çatdırıram. Ümid edirik ki, hər oyundan sonra tribunadakı azarkeşlərin sayı artacaq. Hamı deyir ki, klubumuzun 90 illiyidir, yubileyidir. Gəlin, bizə dəstək olun. Azarkeşləri stadionda görmək çox xoşdur. Biz də çalışacağıq ki, daha dominant oynayaq və azarkeşlərimizin zövqünü oxşayaq.
Azarkeşlər “Neftçi”nin 12-ci oyunçusudur. “Kəpəz” tərəfdarlarının komandalarına necə dəstək göstərdiklərinə baxın. Onları görəndə ürəyim fərəhlə dolur, sanki Avropa oyununu izləyirəm. İstərdim ki, bizim də stadionumuz tam dolsun. Azarkeşlər komandamızın irəliləməsi üçün böyük stimul verirlər”.




_1694704723.png)







_1693395834.png)
