"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 15-ci turunun "Kəpəz"lə görüşündən sonra mətbuat konfransında iştirak edib.

"Oyun gözlənilən kimi gərgin və sərt başladı. Bilirdik ki, "Kəpəz" aqressiv oynayacaq. Birinci hissə bizim üçün ağır keçdi. Buna baxmayaraq iki baxımlı qol vurduq. Rəqibin ikinci hissədə təslim olmayıb, sona qədər mübarizə aparacağını bilirdik. Belə də oldu. Şükürlər olsun ki, 3-cü qolu vura bildik. Bizim üçün çox vacib oyun idi. Futbolçularımı təbrik edirəm".

Matc.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 15-ci turunun "Kəpəz"lə görüşündən sonra mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Tiaqo Silvanın az oynaması ona mənfi təsir etməyəcək?
- Tam əksinə, çox yaxşı formadadır. Bizim bir nömrəli qapıçımız Tiaqo Silvadır. Aralarında rəqabət var. İmkan olsa, Silvanı çıxarardıq. Amma Aydın da ona göstərilən etimadı doğruldur. Təkcə Tiaqo deyil, bəzi futbolçuları limitə görə oynada bilmirik. Əsas heyətin 17-18 futbolçusu var. İlin əvvəlində seleksiya edərkən bunları nəzərə almışdıq. Elçin Əlicanov da uzun müddətdir oynamırdı. Amma inamlı çıxış edir. Bu, futboldur. İşimizi elə qurmalıyıq ki, 11 dəyişilməz oyunçu olmasın. Həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşdırsa, o da oynasın. Komandamızda sağlam rəqabət var.

- "Zirə" son 3 oyunda 11 qol vurub, 2 qol buraxıb. Bunu qarşıdakı matçlarda da davam etdirmə nə dərəcədə mümkündür?
- Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Rəqib kompakt və etibarli oynayır. Fasiləyə qədər vacib oyunlarımız var. Son matçlarda hücum xəttinin daha yaxşı oynadığını düşünmürəm. Həm hücumda, həm də müdafiədə eyni oynayırıq. Sadəcə son oyunlarda əlimizə düşən fürsətləri dəyərləndirə bilirik. Ümid edirəm ki, qarşıdakı matçlarda da qol fürsətlərindən yararlana bilərik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest