Sabah Misli Premyer Liqasında 34-cü tura start verilir.

Matc.az xəbər verir ki, turun oyunları üç günü əhatə edəcək.

İlk matç Masazırda baş tutacaq. "Sabah" "Bank Respublika Arena"da "Şamaxı"nı qəbul edəcək. Oyunun baş hakimi Fərid Hacıyev olacaq. Bu komandaların demək olar ki, çempionatda hədəfi qalmayıb. Ölkə kubokunun finalına yüksələn "Sabah" Premyer Liqada 41 xalla 5-ci pillədə qərarlaşıb. Onlar 4-cü yerdə olan "Turan Tovuz"dan 8 xal geri qalır. Premyer Liqada qalmağı təmin edən "Şamaxı" isə 36 xal toplayıb və 7-ci sıradadır.

Mayın 10-da iki görüş keçiriləcək. Günün ilk matçı paytaxtda baş tutacaq. Sonuncu yerdə olan və mütləq qələbə qazanmalı olan "Səbail" 2-cü yeri təmin etmiş "Zirə"ni qəbul edəcək. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.

Günün digər oyunu Tovuzda olacaq. 3-cü yeri turmaq üçün riyazi olaraq şansı olan "Turan Tovuz" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Kurban Berdiyevin komandası hazırda 4-cü yerdədir və 3-cü yerdə olan "Araz-Naxçıvan"dan 6 xal geri qalır. Tovuzlular qələbə qazanıb əsas rəqibinin xal itirməsini gözləyəcək. Uğursuz mövsüm keçirən "Neftçi"nin avrokubok şansı qalmayıb. "Ağ-qaralar" 33 turdan sonra 37 xalla 6-cı pillədədir. Qarşılaşma saat 19:30-da start götürəcək.

Tura 11 may tarixində keçiriləcək iki oyunla yekun vurulacaq. "Kəpəz" - "Sumqayıt" qarşılaşması Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların dueli olacaq. 34-cü tur öncəsi "Sumqayıt" 30 xalla 8-ci, "Kəpəz" isə 29 xalla 9-cu yerdədir. Qələbə qazanan komandanın Premyer Liqada qalması rəsmiləşəcək. "Sumqayıt"a 1 xal da kifayət edir. Görüşü İnqilab Məmmədov idarə edəcək və start fiti saat 18:00-da səsləndiriləcək.

Turun son matçı "Azersun Arena"da keçiriləcək. Çempionluğu təmin etmiş "Qarabağ" öz meydanında 3-cü pillədə yer alan "Araz-Naxçıvan"ı qəbul edəcək. Bürünc medallar uğrunda mübarizə aparan naxçıvanlılar üçün hər xal dəyərlidir. Qarşılaşmanı Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Oyun saat 20:00-da başlayacaq.

Misli Premyer Liqası, 34cü tur

9 may (cümə)

“Sabah” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 19:00

10 may (şənbə)

“Səbail” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
“ASCO Arena”, 17:00

“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Tovuz şəhər stadionu, 19:30

11 may (bazar)

“Kəpəz” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 18:00

“Qarabağ”– “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
“Azersun Arena”, 20:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest