20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje İraq yığması ilə keçirilən yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.  Matc.az xəbər verir ki, Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutan və qolsuz heç-heçə ilə (0:0) yekunlaşan görüşdən sonra təşkil olunan mətbuat konfransında portuqaliyalı mütəxəssis komandanın çıxışını dəyərləndirib.
 
O, təlim-məşq toplanışının gedişindən razı qaldığını bildirib:
 
“Təlim-məşq toplanışının gedişindən çox məmnunam. Futbolçularımız tələblərimizə müsbət cavab verirlər. Bütün komandadan razıyam. Əsas məqsədimiz gündən-günə daha da inkişaf etməkdir. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır.
 
Bugünkü oyuna gəlincə, birinci hissədə rəqib qapısı qarşısında üç təhlükəli vəziyyət yaratdıq. Həmin epizodlarda daha dəqiq oynaya bilərdik. Bacardığımız qədər keyfiyyətli oyun göstərməyə çalışdıq. Matçboyu müdafiədə inamlı çıxış etdik. Hücum fazasında da oyunumuzu yaxşılaşdırmağa çalışırıq”.
 
Qeyd edək ki, U-20 millimiz İraq yığması ilə növbəti yoldaşlıq görüşünü noyabrın 20-də keçirəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest