"Hazırlıq dövründə qeydə alınan nəticələrin sabahkı oyunumuza mənfi təsir göstərəcəyini düşünmürəm".

"Sabah"ın serbiyalı vingeri Velko Simiç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandası ilə keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, təcrübəli məşqçi Valdas Dambrauskasın ardınca jurnalistlər önünə çıxan 31 yaşlı futbolçu yoldaşlıq oyunlarında qeydə alınan nəticələrin sabahkı oyuna təsir etməyəcəyini vurğulayıb.

Komandanın hazırlıq səviyyəsindən razı qalan vinger güclərini meydanda sübut edəcəklərini qeyd edib: "Təlim-məşq toplanışını yüksək səviyyədə keçirdiyimizi düşünürəm. Əsas ideyamız öz oyunumuza köklənmək, taktiki fikirlərimizi məşqlərdə və yoxlama görüşlərində bərkitmək idi. Hazırlıq dövründə qeydə alınan iki heç-heçə və böyükhesablı məğlubiyyətin əhəmiyyəti yoxdur, bunun sabahkı oyunumuza mənfi təsir göstərəcəyini düşünmürəm. Hər şeyi sabah meydanda nümayiş etdirəcəyik".

Qeyd edək ki, "Sabah" – TNS qarşılaşması iyulun 7-də, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest