İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi ABŞ yığmasının forvardı Folarin Baloqunun diskvalifikasiyasının təxirə salınması barədə FIFA-nın qərarına münasibət bildirib. Təcrübəli oyunçu Bosniya və Herseqovina ilə dünya çempionatının 1/16 final mərhələsinin qarşılaşmasında (2:0) birbaşa qırmızı vərəqə alıb. Qaydalara görə, o, Belçika ilə 1/8 final oyununu buraxmalı idi.

Matc.az xəbər verir ki, BBC idman nəşri məlumat yayıb.

Bildirilir ki, qurumun intizam məcəlləsinə əsasən, futbolçunun cəzası 1 illik sınaq müddətinə dondurulub. Bu isə o deməkdir ki, amerikalı hücumçu növbəti matçda meydana çıxa biləcək. ABŞ Prezidenti Donald Tramp bu qərara görə FIFA-ya təşəkkür edib. Mediada Ağ Evin oyunçunun cəzasına yenidən baxılması üçün ali futbol qurumuna müraciət etdiyi barədə məlumatlar yer alıb.

Runi məsələyə sərt reaksiya verib: "Mən bunu tam bir rüsvayçılıq hesab edirəm. AVRO-2012-dən əvvəl mən 3 oyunluq diskvalifikasiya olunmuşdum. Qrup mərhələsinin 3 oyununu buraxmalı idim və mənə dedilər ki, İsveçrəyə gedib bir qrup uşaqla məşq keçsəm, üçüncü oyunun cəzası ləğv olunacaq. Üç oyunluq cəza istəmədiyim üçün razılaşdım, amma bunun yanlış olduğunu düşündüm. Əgər Baloqunun cəzasına yenidən baxılmalı idisə, qırmızı vərəqə ləğv edilməli idi – yəqin ki, ən düzgün qərar bu olardı – və o zaman o oynaya bilərdi. Lakin diskvalifikasiyanın 1 illik sınaq müddətinə təxirə salınmasını tamamilə rüsvayçılıq hesab edirəm. İnfantino buna görə utanmalıdır".

Qeyd edək ki, Baloqun 3 qolla turnirdə ABŞ millisinin ən yaxşı bombardiridir. ABŞ və Belçika yığmaları arasındakı 1/8 final oyunu iyulun 6-dan 7-nə keçən gecə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest