FİFA prezidenti Canni İnfantino xarici investorlara dünya çempionatının hüquqlarının bir hissəsinin satılması ilə bağlı sövdələşmənin təsdiqlənməsi şərti ilə təşkilata üzv ölkələrin hər birinə 40 milyon dollar məbləğində maliyyə dəstəyi təklif edib.
Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Bildirilir ki, söhbət turnirin hüquqlarının bir hissəsinin satışından əldə olunacaq gəlirin bölüşdürülməsindən gedir. Bu təklif FİFA-ya üzv olan bütün 211 assosiasiyaya ünvanlanıb və qərar qəbul etmək üçün 53 gün vaxt tanınıb.
İnfantino məktubunda son qərarın assosiasiyaların öhdəsinə buraxıldığını vurğulayıb. Plan bəyəniləcəyi təqdirdə, 1 yanvar 2027-ci il tarixindən etibarən 10 milyard dollar həcmində maliyyələşmə paketi əlçatan olacaq və bu, əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olacaq.
Əgər assosiasiyalar bu təklifdən imtina edərsə, FİFA maliyyələşdirmə proqramının əvvəllər elan edilmiş parametrlərini saxlayacaq və onun həcmini 2,7 milyard dollar artıracaq.
Xarici investorların cəlb olunmasının əleyhinə çıxan bəzi mənbələr isə bu təklifi rüşvət vermək cəhdi kimi xarakterizə edirlər.













