"Trabzonspor"un prezidenti Ərtuğrul Doğan Məhəmməd Salahın mümkün transferi barədə gəzən şayiələrə münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə "A Spor" telekanalı məlumat yayıb.

Bildirilir ki, Türkiyə klubu ilə "Liverpul"un keçmiş lideri arasında heç bir razılaşma yoxdur. Doğan mövzu ilə bağlı bunları deyib:

"Çox fərqli şeylər danışılır, lakin heç bir razılıq yoxdur. Sabah üçün Trabzona planlaşdırılan hər hansı reys yoxdur. Əgər belə bir plan olsaydı, mətbuata və azarkeşlərə məlumat verərdik. Belə bir şey yoxdur. Kim Salahı öz komandasında görmək istəməz? Lakin hazırda heç bir razılaşma yoxdur.

Klubun Salahla danışıqlar aparıb-aparmadığı barədə danışmaq istəmirəm. Əlbəttə ki, azarkeşlər Salah kimi bir futbolçunu görmək istəyirlər, mən də həmçinin. Amma hazırda heç bir razılıq yoxdur. Onun Trabzona gəlişi ilə bağlı da heç bir plan mövcud deyil".

Qara dəniz təmsilçisinin rəhbəri komandanı gücləndirmək üçün transfer kampaniyası apardıqlarını qeyd edib və Salah variantı reallaşacağı təqdirdə bu barədə azarkeşlərə dərhal məlumat veriləcəyinə söz verib.

Daha əvvəl "Trabzonspor"un misirli oyunçunun nümayəndələri ilə görüşdüyü və illik 17 milyon avro maaşla 2 illik rəsmi müqavilə təklif etdiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, ulduz vinger "Liverpul"dan ayrıldıqdan sonra hazırda azad agent statusundadır. O, Mersisayd təmsilçisinin heyətində 257 qol vurub, 123 məhsuldar ötürmə edib və İngiltərə komandası ilə birlikdə 9 titul qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest