"Real"ın baş məşqçisi Joze Mourinyo La Liqanın IV turunda "Betis"ə minimal hesabla məğlub olduqları (0:1) oyundakı hakimlik barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Təcrübəli mütəxəssis oyundan sonra fikirlərini bu sözlərlə ifadə edib: "Mənə nəyə görə xəbərdarlıq etdiyini bilmirəm, amma bunu qəbul edirəm. Ehtiyat oyunçular skamyasından ayağa durdum, çünki "Betis"in oyunçusu elə düz qarşımızda yerə yıxıldı. Amma dəqiq bir şey deyə bilmərəm, skamyada ekranlardan təkrar epizodları izləyən və məyus olan çoxlu insan gördüm. Məncə, hakim oyunun öz ritmində getməsinə imkan verirdi, ilk hissədə vərəqələri paylamaq forması xoşuma gəldi, "Betis" fasiləyə vərəqəsiz yollandı…
Amma nəticəni yalnız bir sarı vərəqənin təyin etdiyini demək olmaz. Bəlkə də sabah oyunu yenidən izlədikdən sonra fikrim dəyişəcək, lakin bu gün ehtiyat oyunçular skamyasından gördüklərimə əsasən, məğlubiyyətimizin səbəbini başa düşmürəm. Komanda çox layiqli mübarizə apardı və mənim heç kimə qarşı fərdi iradım yoxdur. Lakin qələbəyə layiq olmağın sənə xal qazandırmır. Bərabərlik üçün oynayan və bəxti gətirən "Betis"i təbrik edirəm".
La Liqada keçirilən 4 oyundan sonra 9 xal toplayan "Betis" üçüncü pillədə qərarlaşıb. Joze Mourinyonun komandası da eyni xala sahib olsa da, əlavə göstəricilərə görə turnir cədvəlinin ikinci pilləsində yer alıb.

_1788614444.jpg)
_1788611807.jpg)










