"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" Rumıniya çempionatına uğurlu start götürüb. Matc.az saytının məlumatına görə, krayovalılar "Səbail"dən sonra ölkə çempionatının ilk turunda öz meydanında "Akademika Klinseni" üzərində də 3:2 hesablı qələbə qazanıb.
Lakin qarşılaşmanın sonlarında "Akademika Klinseni" hesabı 2:2 etdikdən sonra tribunalarda narazılıq yaşanıb. "Universitatya Krayova" fanatları bir neçə saniyə baş məşqçi Korneliu Papureni istefaya səsləyiblər. Bununla belə, ev sahibləri 90+5-ci dəqiqədə vurduğu qolla qələbə qazanıb.
Papure oyunsonrası mətbuat konfransında azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib: "Onlar bizi başa düşməlidilər. Fikrimcə, azarkeşlərin bizi dəstəkləməsi daha asan olardı. Səbrli olmaq lazımdı".
çalışdırıcı ardıcıl iki qələbə haqda da fikirlərini bölüşüb: "Azarkeşlərimiz kimi, biz də stress keçirdik. Ancaq son iki oyunda 6 qol vurduq və hər ikisində qələbə qazandıq. Şəxsən mən 1:0 hesabından daha az əziyyət verən 3:2 hesablı qələbəni üstün tuturam. İki oyunda 4 qol buraxmağımız isə müdafiə xəttinin problemli olduğundan xəbər vermir".
Qeyd edək ki, "Universitatya Krayova" - "Səbail" oyunu iyulun 18-də "İon Oblemenko" stadionunda keçiriləcək.