17 İyul 2019, 17:37
AVROPA LİQASI
"Yenə qələbə qazanmağa çalışacağıq. Bu üzdən hücum futbolu göstərəcəyik"
"Birinci oyun yaxşı nəticə ilə nəticələndi. 3:0 çox yaxşı hesabdı. Buna baxmayaraq, eyni şəkildə hazırlaşmışıq". Matc.az saytı xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
Yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə cavab görüşü öncəsi fikirlərini bölüşüb. O, mətbuat konfransında səfərdəki 3:0 hesablı qələbəyə baxmayaraq, arxayınlaşmadıqlarını vurğulayıb: "Yenə qələbə qazanmağa çalışacağıq. Bu üzdən hücum futbolu göstərəcəyik".
- Cavab görüşünü məşq kimi qiymətləndirmək olar?
- Əlbəttə ki, xeyr. Dünən "Şerif" 10 dəqiqəyə 3 qol vurmuşdu. Buna görə də arxayınlaşmaq olmaz. Bu oyunda da qələbə qazanmağa çalışacağıq.
- Rəqibin baş məşqçisi ilk oyundan sonra nəticəni üçüncü tərəfin müəyyənləşdirdiyini demişdi. Buna cavabınız olacaqmı?
- İlk oyunda da buna cavab verdik. İnşallah, sabah da meydanda cavab verəcəyik. Artıq danışmaq istəmirik.
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq. Moldovadakı ilk qarşılaşmada "flaqman" 3:0 hesablı qələbə qazanıb.