17 İyul 2019, 17:48
AVROPA LİQASI
"Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələrə tez-tez rastlaşırıq. Buna görə də, sabahkı oyuna konsentrasiya olunmuşuq və ciddi hazırlaşmışıq". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.
Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa"nı səfərdə 3:0 hesabı ilə məğlub edən "ağ-qaralar" Moldova klubunu sabah cavab görüşündə qəbul edəcək.
Oyunöncəsi mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "İlk oyundakı 3:0 hesabı bizi aldatmamalıdı. Arxayınlaşmaq olmaz, maksimum köklənməliyik. "Sperantsa" ilk görüşdə də qol imkanları əldə etmişdi, Səlahət bəzi epizodlarda buna imkan verməmişdi. Bəzi anlarda isə zərbələri qeyri-dəqiq olmuşdu. Buna görə də, maksimum köklənməliyik".
- İlk oyunla müqayisədə heyətdəə dəyişikli gözlənilirmi?
- Hələ bir gün vaxt var. Bugünkü məşqdən sonra start heyətini müəyyənləşdirəcəyik. İndidən nəsə deyə bilmərəm.
- Zədəli Mustivar və Dabo nə vaxta hazır olacaqlar?
- Hər iki futbolçu bizim üçün çox vacibdi. Soni əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni də yaxşı keçirib. Yüksək xarakterə malikdi, heç vaxt təslim olmur, öz üzərində işləyir. Buna görə də, tez sağalıb. Bugünkü məşqə əsasən qərar verəcəyik. Sabah onu da meydanda görə bilərsiniz. Daboda da irəliləyiş var. İnanırıq ki, tezliklə komandaya qoşulacaq.
- "Arsenal"la oyuna qədər yeni transfer gözlənilirmi? ümumiyyətlə, yeni oyunçuya ehtiyacınız varmı?
- İndi yalnız "Sperantsa" ilə oyunu düşünürük. Bu mərhələni keçdikdən sonra qarşıdakı rəqib haqda danışa bilərik. Hamımız sabahkı oyuna köklənmişik.
- İlk oyunda 3 qol vurmusunuz. Cavab görüşündə sizi hansı nəticə qane edəcək?
- İlk matçda olduğu kimi, yenə "bir nömrə" oynamağa çalışacağıq. Əvvəldən sona kimi aqressiv çıxış edib, gözəl nəticə qazanmağa çalışacağıq.
- "Arsenal"la oyunu düşünüb bəzi sirləri gizlədə bilərsinizmi?
- Bu suala artıq cavab verdim. Bu gün yalnız sabahkı matçı düşünürük.
- Birinci matçda komandanın oyunu sizi qane etdimi?
- Mənə əsas komandanın oyuna yanaşması idi. Moldova çempionatı davam etdiyindən, rəqib fiziki cəhətdən bizdən hazırlıqlı ola bilər. Tapşırıq vermişdim ki, matça ciddi yanaşsınlar. Nəticə də necə yanaşdıqlarını göstərir. Komandamdan razı qalmışdım. Yaxşı çıxış etdik, amma bəzi səhvlərimiz də oldu. Hansı ki, rəqib sürətli əks-hücumlarla qapımız qarşısında təhlükəli anlar yaşatmışdı. çalışacağıq sabah bunu təkrarlamayaq.
- Rəqibin baş məşqçisi oyundan sonra demişdi ki, komandam "Neftçi" kimi qalib gəlsəydi, bir həftə yuxu yatmazdım. Sabah qələbə qazanaraq, rəqib çalışdırıcısının yuxusunu qaçırmaq istəmirsiniz?
- Həmkarıma hörmətlə yanaşıram. Onun sözlərinə şərh vermək, onunla bəhsə girmək istəmirəm. Mənim üçün əsas gözəl oyun göstərməyimiz və qələbə qazanmağımızdı.
- Bəlkə "Şerif"də işləyəndə ona çox qalib gəlmisiniz və buna görə həmkarınız sizdən yanıqlıdı?
- Onunla şəxsi problemim yoxdu. Onun barədə düşünmürəm də. Yalnız komandam haqda fikirləşirəm. Məncə, sualı onun özünə versəniz, yaxşı olar.
- İlk oyunda Mbodju oynadıb, Stankoviçi ehtiyatda saxlamaqla vahid heyəti qorumaq istədiniz? ümumiyyətlə, müdafiə xətti ilə bağlı planlarınız nələrdi?
- Komandada 6 müdafiəçi var, bunun 4-ü mərkəzdə çıxış edə bilir. Müdafiəçilər arasında güclü rəqabət var. Həmin oyunda Mbodj-Petrov cütlüyünə şans verdim. Sabah bəlkə başqa cür olacaq.