Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Taşima mart ayında keçiriləcək FİFA prezidenti seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Bundan əvvəl yeganə namizəd hazırkı prezident Canni İnfantino idi.
Matc.az saytının “talksport”a istinadən məlumatına görə, Taşima UEFA daxilində müəyyən dəstəyə malikdir. Başqa rəqib ortaya çıxmazsa, onun mövqeyi daha da güclənə bilər.
Avropa futbol təşkilatı Taşimanın namizədliyindən xəbərdar idi. UEFA-dakı bir çox şəxs hesab edir ki, sistemə aid olmayan, kənardan gələn namizədin İnfantinoya qarşı mübarizədə şansı daha yüksəkdir.
Bununla belə, UEFA-ya üzv milli assosiasiyalar başqa namizədin irəli sürülməsi imkanını müzakirə etməkdə davam edirlər. Bildirilir ki, təşkilatın yüksək vəzifəli rəsmiləri Arsen Vengeri seçkilərdə iştirak etməyə razı salmağa hələ də cəhd göstərirlər. Venger üstünlük verilən namizəd olsa da, digər variantlar da nəzərdən keçirilir. UEFA öz namizədini ən geci gələn həftə elan etməyi planlaşdırır. Namizədliklərin irəli sürülməsi üçün son tarix noyabrın 18-dir.
77 yaşlı Venger hazırda FİFA-da Qlobal Futbolun İnkişafı üzrə rəhbər vəzifəsində çalışır.




chex_1793910517.jpg)








