“Turan Tovuz” Premyer Liqanın XI turunda səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, qələbədən məmnun olduğunu bildirib.
– Aydın məsələdir ki, qələbəyə görə şadıq. Amma çox şeydən keçməli olduq, müdafiədə çox oynadıq. “Qarabağ” çox güclüdü.
“Turan Tovuz”un liderlərə qarşı uduzmadığını xatırladan jurnalist komandanın artıq yüksəlişə keçib-keçmədiyini soruşduqda Berdiyev deyib ki, bunu birbaşa demək çətindir: “Hər oyun xüsusi hazırlıqdı. Mən daha çox uşaqlara görə sevinirəm. Onlar özlərinə inandılar ki, liderlərə qarşı oynamaq olur. İstənilən oyun fərqli cərəyan edir”.
Faiq Hacıyevin komandadakı gələcəyi ilə bağlı suala baş məşqçi bunu oyunla əlaqəli sual hesab etmədiyini, buna baxmayaraq cavab verəcəyini deyib: “Faiq digər oyunçular kimi komandamızın üzvüdür. Hamı öz şansını gözləyir. Faiq çox yaxşı məşq edir. Amma onun mövqeyində Xorxe Silva oynayır, o da yaxşı təsir bağışlayır”.
Komandanın çempionluq mübarizəsi aparması üçün hansı mövqelərdə transferə ehtiyac duyulduğu soruşulduqda isə Berdiyev bu sualın ona ünvanlanmamalı olduğunu bildirib: “Bu mənə ünvanlanmış sual olmamalıdır. Bu məsələlərə mən baxmıram”.













