Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz” “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyunu dəyərləndirib.
Mütəxəssis görüşün gözlədikləri kimi çətin keçdiyini bildirib:
“Gözlədiyimiz kimi, ağır oyun oldu. “Şamaxı” bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı keçirdikləri oyunlar da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvlərimiz də oldu. Amma istənilən halda, qələbə yaxşıdır. Azlıqda qalandan sonra futbolçular xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir”.
Berdiyev Xorxe Silvanın qırmızı vərəqə almasına da münasibət bildirib. O, futbolçunun davranışını yolverilməz adlandırıb:
“Bu, yolverilməzdir. İstənilən halda, həmin epizod oyunumuzun gedişinə təsir edəcəkdi. Birinci hissədə İbrahima Vadjiyə qarşı təxribat olmuşdu. Belə hallara cavab vermək olmaz”.
Baş məşqçi Joarlem Santosun səhhəti ilə bağlı suala da aydınlıq gətirib. O, futbolçunun boyun nahiyəsində problem olduğunu və vəziyyətinin yaxşılaşacağına ümid etdiyini söyləyib.













